CƏMİYYƏT25.4.2024 07:30

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

2268

Kosmik texnologiyalar sahəsində türkdilli dövlətlərin səyləri və imkanlarının birləşdirilməsi bütün ölkələrin maraqlarına xidmət edəcək və daha əhəmiyyətli nəticələr əldə etməyə imkan verəcək. Bu barədə AZƏRTAC-a Türk Dövlətləri Təşkilatının (TDT) baş katibinin müavini Mirvohid Əzimov bildirib.

Onun sözlərinə görə, son zamanlar ekoloji problemlərin və ətraf mühitin müdafiəsinin aktuallığı artır, bu da TDT gündəliyinə təsir etməyə bilməz.

“Təşkilatın bütün üzv ölkələrinin inkişafına kömək məqsədilə peykləri olan ölkələrin imkanlarından istifadə olunmasını müzakirə edirik”, – deyə o əlavə edib.

Mirvohid Əzimov deyib ki, Ankarada türk dövlətlərinin kosmik agentliklərinin üçüncü iclasının yekunlarına görə birgə peykin buraxılması da daxil olmaqla, müəyyən razılaşmalar əldə edilib.

“Görüşün yekunlarına görə Qazaxıstanda tədqiqat mərkəzinin bazasında ayrıca mühəndislər qrupunun yaradılması planlaşdırılır. “Baykonur” kosmodromunun yerləşdiyi ölkə kimi Qazaxıstanın təcrübəsi və imkanlarından faydalanmaq vacibdir”, – deyə baş katibin müavini qeyd edib.

O xatırladıb ki, TDT ölkələrinin birgə tədqiqat peykinin buraxılması layihəsi üzərindəki işlər 2023-cü ildə, müvafiq texniki işçi qrupunun formalaşdırıldığı vaxt başlanıb. Mirvohid Əzimov vurğulayıb ki, Türkiyə, Azərbaycan və digər ölkələr son illərdə kosmik sahədə əhəmiyyətli nəticələrə nail olublar.

“Müasir Türkiyə beşinci nəsil peyklər şəbəkəsinə sahibdir. Növbəti belə peykin buraxılması artıq iki aydan sonraya planlaşdırılır”, – deyə o bildirib.

Baş katibin müavini qeyd edib ki, TDT ölkələrinin kosmik agentlikləri üçün daha bir prioritet gənclərin təhsil almasıdır.

“2023-cü ildə Türkiyənin Bursa şəhərində gənclər üçün yay “Kosmik düşərgəsi” təşkil olunub. İkinci belə düşərgə bu il İzmirdə açılacaq”, – deyə o qeyd edib.

YUXARI