MƏDƏNİYYƏT16.5.2021 07:00

“Xarıbülbül” festivalı xalqımızın mədəni və mənəvi zənginliyinin dünyada növbəti nümayişi idi

1359

“Xarıbülbül” festivalı bir neçə cəhətdən diqqət çəkdi. Əvvəla bu, Azərbaycanda Vətən müharibəsindən sonra yaşanan ən mühüm mədəni hadisələrindən biri, sənət və sənətkarların musiqi bayramı, xalqımızın mənəvi zənginliyinin bütün dünyaya növbəti nümayişi idi. Ən başlıcası isə bu festival Şuşanın Cıdır düzündən beynəlxalq aləmə xalqımızın haqq-ədalət savaşında tarixi qələbəsinin təntənə mesajı, Azərbaycan xalqının milli birlik və həmrəyliyinin parlaq göstəricisi idi. Eyni zamanda, “Xarıbülbül” festivalı bu torpağın övladlarının Qarabağın, onun incisi, mədəniyyət beşiyi Şuşanın belə tarixi ruhu ilə nəfəs aldıqlarının ifadəsi olaraq diqqət çəkdi. Nəhayət, sözügedən möhtəşəm tədbirdə müxtəlif xalqların mədəniyyətini, musiqi və rəqs ənənələrini nümayiş etdirən çıxışlar bir daha Azərbaycanda dini və etnik tolerantlığın yüksək səviyyədə qorunmasının və bu birliyin, vəhdətin İkinci Qarabağ müharibəsində tarixi qələbəmizi şərtləndirdiyinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, çoxkonfessiyalı, çoxmillətli bir respublikada inkişafın, milli həmrəyliyin, sülh və əmin-amanlığın təsdiqi idi.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.

E.Bağırov vurğulayıb ki, “Xarıbülbül” festivalının geniş televiziya ekranından ulu öndər Heydər Əliyevin işğal altındakı ərazilərimizin, o cümlədən Şuşanın azad ediləcəyi əminliyini ifadə edən tarixi çıxışı isə dahi şəxsiyyətin müdrikliyinin, uzaqgörənliyinin təcəssümü idi: “Yeri gəlmişkən, xatırladım ki, Ümummilli Liderimiz Azərbaycanda yenidən siyasi hakimiyyətə gələndə artıq Şuşa, Kəlbəcər, Laçın, habelə bütün ətraf bölgələr işğal altında idi və Dağlıq Qarabağ adlı coğrafi ərazi ilə Ermənistan arasında bir bağlantı yaradılmışdı. Erməni faşizmi bu torpaqlarda, necə deyərlər, at oynadır, vandalizm əməlləri törədirdi. Xalqımız isə işğalla, qəsbkarlıqla barışmır, yaşayış sahələrimizin, eləcə də tarixi Şuşa şəhərinin düşməndən təmizlənəcəyi günün tezliklə gələcəyinə, doğma Qarabağımızın “döyünən ürəyinin” azad ediləcəyinə qəti əmin idi. Bu əminlik, inam dahi öndərimizin layiqli varisi, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasətindən, möhtərəm Prezidentimizin rəhbərliyi ilə ordumuzun gündən-günə artan güc-qüdrətindən irəli gəlirdi. Ötən il sentyabrın 27-də başlayan əks-həmlə əməliyyatları ilə Silahlı Qüvvələrimiz bir-birinin ardınsa parlaq qələbələr əldə etdikcə, xalqımız Şuşa zəfərinin də dövlətimizin başçısının vurğuladığı kimi, bir nəfəs qədər yaxın olduğuna varlığı kimi inanırdı. Bu əminliyi, eyni zamanda, Ali Baş Komandanımızın müsahibələrin birində “Şuşa azad edilmədən bu əməliyyat tamamlanmış sayılmaz, yarımçıq qalar” söyləməsi də bu qələbəyə yönələn ümidi daha da artırırdı”.

Nəhayət, o xoşbəxt, o bəxtəvər gün gəldi. Azərbaycan Prezidenti, Ali Baş ­Komandan İlham Əliyev ötən il noyabrın 8-də xalqımızı Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik edərək dedi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”

Emin Bağırov daha sonra bildirib ki, xalqımız bu gün Prezident İlham Əliyevin Şuşanın işğaldan azad edilməsi münasibətilə etdiyi tarixi çıxışında dediyi “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərinin gerçəkləşdirildiyinin şahididir. Bəli, indi Qarabağın incisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın doğma övladları tərəfindən yaralarına məlhəm bağlanılır, sağaldılır–yenidən tikilib-qurulmaqla, abadlaşdırılmaqla dünyanın ən möhtəşəm şəhərlərindən birinə çevrilir, erməni vandalizminin qurbanına çevrilən tarixi, mədəni abidələrə doğmalarının gücü və əzmi ilə yenidən “nəfəs” verilir.

YUXARI