MƏDƏNİYYƏT16.5.2021 11:40

Səfirdən “Qarabağ” Mərkəzinə hücumla bağlı açıqlama

6

Lüksemburqda fəaliyyət göstərən Azərbaycanın “Qarabağ” Mədəniyyət Mərkəzinin binası mayın 13-də vandalların hücumuna məruz qalıb. Bu barədə Azərbaycanın Belçika Krallığı və Lüksemburqdakı səfiri, Avropa İttifaqı yanında nümayəndəliyin rəhbəri Fuad İsgəndərov Tvitter hesabında yazıb.
Diplomat qeyd edib ki, bu ölkədə digər təxribat hadisəsi 03.10.2019 tarixində Azərbaycanın “Qarabağ” futbol komandasına qarşı baş vermişdi.

“Sivil Lüksemburqda “Azərbaycan” və “Qarabağ” sözlərinə qarşı vandalların təkrarlanan hərəkətləri sual doğurur”, - deyə diplomat vurğulayıb.

Xatırladaq ki, ötən gün səhər saatlarında işə gələn “Qarabağ” Mədəniyyət Mərkəzinin nümayəndələri mərkəzin pəncərələrinin sındırıldığını görüblər. Mərkəzin nümayəndələri yerli polisə müraciət ediblər. Lüksemburq polisi informasiya mərkəzinə gələrək, vəziyyətlə yaxından tanış olub, binanın içərisinə düşmüş daşları əl izlərinin müəyyən edilməsi üçün götürüblər. Polis törədilmiş vandalizm aktı ilə bağlı təhqiqata başlayıb.
 

YUXARI