MEDİA və QHT15.5.2021 19:23

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının Fransa prezidentinin ədalətsiz mövqeyinə etirazı

451

Dünyaya demokratiya dərsi keçməyə çalışan Fransa kimi inkişaf etmiş bir dövlətin Azərbaycana və Türkiyəyə münasibətdə tutduğu ikibaşlı və qərəzli mövqe ona olan etimadı və etibarı azaldır. İllər əvvəl Fransanın “erməni soyqırımı”nı tanıması, tarixi yalandan siyasi məqsədlərlə istifadə cəhdidir. Bununla Türkiyəni, Azərbaycanı tutduğu haqq yolundan, ədalət mübarizəsindən yayındıra biləcəyini düşünən Fransa çox böyük səhvə yol verir.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransanın 2020-ci ildəki 44 günlük Vətən müharibəsində Ermənistanı dəstəkləməsi, bu dövlətin rəhbərlərinin beynəlxalq hüquqa zidd və ədalətsiz açıqlamalar verməsi onun bitərəfliyini, həmsədr statusunu ləkələyən amildir. 30 ildir ki, işğalçıya ciddi bir təzyiq etməyən Minsk Qrupu, xüsusən də Fransa belə mövqedən çıxış etməklə bitərəfliyini pozmuş oldu.

Vətən mühairəsində Azərbaycana, ölkəmizə dəstək verən Türkiyəyə davamlı təzyiq göstərən Fransa bizləri haqq davamızdan yayındırmağa çalışsa da buna nail olmadı. “Dəmir yumruq” nəticəsində başından ağır zərbə alan işğalçı Ermənistanın aqibəti onu dəstəkləyənlərə də dərs olmalı idi. Təəssüf ki, Farnsa bundan nəinki nəticə çıxarmadı əksinə bugünlərdə prezident Emmanuel Makron ermənilərə dəstək açıqlamasıyla çıxış etdi. İşğalçıya yerini göstərən Azərbaycana dəstək vermək əvəzinə Ermənistanın yanında olmaq rəzalətdir, ədalətsizlikdir, beynəlxalq hüququ tapdalamaq cəhdidir.

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyası olaraq Fransa prezidentinin bu açıqlamasını şiddətlə qınayır, Qarabağın tarixi Azərbaycan torpağı olduğunu bəyan edir, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin siyasətini alqışlayır, ordumuzun qələbəsinə kölgə salmaq istəyənlərin peşman olacaqlarını bəyan edirik. Koalisiya olaraq bundan sonra da Azərbaycanı və Türkiyəni haqq davasında dəstəkləyəcəyimizi, onların birliyi və bərabərliyi üçün çalışacağımızı açıqlayırıq.

P.S. Xatırladaq ki, “Qardaşlığımız Əbədidir” QHT Koalisiyası Azərbaycanın bir qrup QHT-ləri tərəfindən 2018-ci ilin fevral ayında Azərbaycan-Türkiyə münasibətlərinə ictimai dəstək vermək, iki dövlət arasındakı münasibətləri daha da sıxlaşdırmaq üçün yaradılıb. Koalisiyada Tərxis Olunmuş Gənclərin Hərbiçiləri Maarifləndirmə Birliyi, Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti, Gəncliyə Yardım Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi, Müasir İnkişaf Birliyi, Türk Dövlətlərilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Könüllülük Fəaliyyətinin Təbliği gənclər birliyi təmsil olunur.

YUXARI