CƏMİYYƏT14.6.2024 23:00

 Fransa Kaledoniyanı silahla doldurur - ada xalqı təşvişdədir... 

3462

“Yeni Kaledoniya siyasi səviyyədə çox kritik bir dövr yaşayır, çünki Fransa ölkəni remilitarizasiya edir və bu da psixoloji və sosial aspektlərdə cəmiyyətimizə mənfi təsir göstərir”.

Bunu Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa müzakirələrində və mətbuat konfransında deyib: “Bizim üçün, yəni kiçik, müstəmləkə keçmişi olan xalqlar üçün özümüz haqqında danışa bilmək, kim olduğumuzu, vəziyyətimizin necə olduğunu söyləmək həmişə vacibdir. Ümumiyyətlə, Yeni Kaledoniya Fransanın müstəmləkəyə çevirdiyi ərazidir”, - o bildirib.

“Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Fransaya müstəmləkəçiliyə son qoyulması ilə bağlı təzyiq etməlidir” 

Mövzu ilə bağlı fikir bildirən Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Fransanın müstəmləkəçi kursu qəbuledilməzdir: “XXI əsrdə müstəmləkəçiliyin hər cür  təzahürləri pislənməli və buna son qoyulmalıdır. Beynəlxalq ictimaiyyət müstəmləkəçiliyə son qoyulması ilə bağlı işlər görməlidir. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Fransaya müstəmləkəçiliyə son qoyulması ilə bağlı təzyiq etməlidir”.

Həmsöhbətimiz Yeni Kaledoniya sakinlərinin müstəqillik uğrunda mübarizələrini, cəhdlərini alqışlayır. Fransanın Yeni Kaledoniyaya təzyiqi, zorakılığı hər kəs tərəfindən pislənməlidir: “Fransa özündən uzaqda, yaxında olan xalqlara, dövlətlətə qarşı müstəmləkəçilik, təcavüz siyasətinə son qoymalıdır. Azərbaycanın bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Ölkəmizin müstəmləkəçilik siyasətinə qarşı gördüyü işlər göz qabağındadır. Bu sahədə Bakı Təşəbbüs Qrupunun yaradılması  və bu sahədə görülən hər bir iş təzyiqə məruz qalan xalqların azadlığına çox böyük bir dəstək olacaq”.

YUXARI