ELM VƏ TƏHSİL14.6.2021 22:15

FHN-in Akademiyasında Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

132

İyunun 14-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Milli Qurtuluş Günü münasibətilə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi-praktiki konfrans keçirilib.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Baba Salayev Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. Azərbaycanın çağdaş tarixinin dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu vurğulayan B.Salayev deyib: “1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyi elan olunsa da, faktiki olaraq respublikamız müstəqil siyasət yürüdə bilmirdi. Nəticədə Azərbaycan dövləti məhv olmaq təhlükəsi il üz-üzə qalmışdı. Məhz Ümummilli Liderin 1993-cü il iyunun 15-də xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdışı xalqımızı milli müstəqilliyin itirilməsi təhlükəsindən xilas etdi. Ölkə həyatının bütün sahələrində əhəmiyyətli dönüş yarandı və müstəqil dövlət quruculuğuna başlanıldı. İnkişaf etmiş müstəqil Azərbaycan Böyük Qurtuluşun bəhrəsidir”.

B.Salayev qeyd edib ki, Ulu Öndərin qurub-yaratdığı Azərbaycan hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, qarşıya qoyulmuş hədəflərə doğru inamla irəliləyir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün aparılmış 44 günlük tarixi Vətən müharibəsində qazanılan möhtəşəm qələbə bunun sübutudur. “Azərbaycanın bugünkü dinamik iqtisadi inkişafı, hərbi qüdrəti, beynəlxalq nüfuzu onu deməyə əsas verir ki, respublikamız dünyanın qabaqcıl ölkələrindən birinə çevrilməkdədir”, – deyə natiq vurğulayıb.

Tədbirdə Akademiyanın Humanitar fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Fizuli İbrahimzadə, kursantlar Kənan Əliyev, Mirdamət Cəfərov, Kamran Qayxiyev, Ramin Məmiyev və Təhməz Heydərov məruzələrlə çıxış ediblər.

Son 15 iyun – Milli Qurtuluş Gününə həsr edilən videoçarx nümayiş olunub.

YUXARI