MƏDƏNİYYƏT3.7.2024 12:36

“Dəlinin qeydləri” monotamaşası festivaldan uğurla qayıdıb

16660

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı 24-30 iyun 2024-cü il tarixlərində Moldovanın Kişinyov şəhərində keçirilən “MildFest” Beynəlxalq Teatr Festivalında N.Qoqolun “Dəlinin qeydləri” monotamaşası ilə iştirak edib.

31 illik səhnə fəaliyyətini uğurla davam etdirən, müxtəlif illərdə nüfuzlu beynəlxalq festivallarda uğurla çıxış edən səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Lətifə Quluzadədir.

Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi ilə 28 iyun saat 16:00-da Xarmelin adına Dövlət Gənclər Teatrında baş tutan tamaşadan sonra Poprışşin rolunda çıxış edən Əməkdar artist Şövqi Hüseynov festivalın diplomu ilə təltif olunub. Daha sonra tamaşanı izləyən yerli teatrşünaslar, müxtəlif ölkələrin ekspertləri səhnə əsəri ətrafında müzakirələr apararaq yüksək fikirlər söyləyiblər.

Kimsə tərəfindən saya alınmayan müfəttiş Poprışşin sosial ədalətsizliyi aradan götürmək üçün vəzifəcə özündən çox üstün olan rəisinin qızı ilə evlənmək qərarına gəlir. Bu dəlinin sayıqlamalarında, o, İspaniyanın kralı, dünyanı idarə edən, nurlu şəxsiyyətə çevrilir. Poprışşin dünyasını çoxdan dəyişmiş anasının səsini eşidir. Lakin bu səs də xəstə varlığın ruhunu xilas edə bilmir. Çünki onun səsini yaşadığı bu dünyanın adamları da eşitmirlər.

YUXARI