ELM VƏ TƏHSİL15.10.2021 14:38

Bu şəxslər ali məktəblərə daxil olmaq hüququ qazanacaq

1156

Peşə təhsili haqqında dövlət sənədi olanlar da ali məktəblərə daxil ola biləcək.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Peşə təhsili haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris kredit sistemi ilə təşkil olunur. Peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir.

Yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.

Yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınır.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

YUXARI