ELM VƏ TƏHSİL8.5.2024 09:30

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” mövzusunda elmi sessiya keçirilib

4623

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” adlı elmi sessiya keçirilib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunub.

Əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin irsini əks etdirən kitab sərgisi nümayiş etdirilib.

Elmi sessiyanı giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısında tarixi xidmətlərindən danışıb. Bildirib ki, hər il ənənəvi olaraq Ulu Öndərin doğum günü, anım günü ərəfələrində, eləcə də müxtəlif zamanlarda Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş konfranslar, elmi sessiyalar, dəyirmi masalar təşkil edilir və bu tədbirlər özünəməxsusluğu ilə seçilir. Akademik İsa Həbibbəyli bu il Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünün ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş Azərbaycanda təntənə ilə qeyd edildiyini vurğulayıb.

AMEA rəhbəri bildirib ki, Ümummilli Lider Heydər Əliyev 25 sentyabr 1990-cı ildə Milli Məclisdə deputatlığa namizəd olarkən seçicilərlə görüşü zamanı ən böyük arzusunun ölkəmizin ərazi bütövlüyünü tam bərpa etmək və Azərbaycanın müstəqilliyini əbədi etmək olduğunu söyləyib. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində Ulu Öndərin böyük addımlar atdığını deyən AMEA rəhbəri 1994-cü ildə cəbhədə atəşkəsə nail olunmasının Heydər Əliyevin tarixi xidməti olduğunu və dahi liderin bununla ölkəyə sabitlik gətirdiyini vurğulayıb.

Akademik İsa Həbibbəyli Ulu Öndərin xalqımız qarşısında ən böyük xidmətlərindən birinin özündən sonra siyasi varis hazırlayaraq Azərbaycanın gələcəyini də düşünməsi olduğunu deyib. O, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi ərazilərimiz üzərində ölkəmizin tam və qəti Qələbəsinin təmin edildiyini bildirib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin adı Azərbaycanın çoxəsrlik tarixinə Qalib Ali Baş Komandan kimi qızıl hərflərlə yazılıb. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə və bir gündən də az çəkən antiterror tədbirləri ilə Azərbaycanın dövlət suverenliyi tam bərpa olunub. Həmçinin 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümü münasibətilə keçirilən hərbi parad Prezident İlham Əliyevin qalib sərkərdə, qətiyyətli, cəsarətli, uzaqgörən dövlət başçısı olduğunu bir daha dünyaya bəyan edib.

“Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri var. Bu böyük tarixi şəxsiyyət müstəqil Azərbaycanın yaradıcısı kimi mühüm missiyanı şərəflə həyata keçirmişdir”, - deyən alim 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” kimi yadda qaldığını və həmin ilin Heydər Əliyev ideyalarına yenidən qayıdış, onun çoxşaxəli ictimai-siyasi fəaliyyətinin elmi-nəzəri, publisistik təhlili, görkəmli şəxsiyyətlə bağlı yeni tədqiqatların meydana çıxması, irsinin gələcək nəsillərə çatdırılması, Ulu Öndərin dünyaya yenidən tanıdılması baxımından özünəməxsusluğu ilə seçildiyini bildirib. O, “Heydər Əliyev İli” çərçivəsində AMEA-da 52 kitab və monoqrafiyanın, həmçinin 16 konfrans materialının çap edildiyini diqqətə çatdırıb.

AMEA prezidenti qeyd edib ki, alimlərimiz Ümummilli Liderin həyatı və fəaliyyətinin dərindən öyrənilməsini, dahi şəxsiyyətin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərinin elmi cəhətdən əsaslandırılmış şəkildə ictimaiyyətə çatdırılmasını özünün borcu hesab edir. Akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Heydər Əliyevin bədii obrazı: tarixilik və müasirlik” adlı ikicildlik monoqrafiyanın və Heydər Əliyevin Azərbaycan ədəbiyyatı ilə bağlı Fərman və sərəncamlarından ibarət kitabın nəşrə hazırlandığını bildirib. O, Ədəbiyyat İnstitutunda Heydər Əliyev irsinin elmi əsaslarla daha dərindən öyrənildiyini, dahi şəxsiyyətlə bağlı yeni fundamental monoqrafiyaların hazırlandığını deyib.

Tədbirdə, həmçinin Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, Uşaq ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Elnarə Akimova, XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Asif Rüstəmli, Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı və Ədəbiyyat institutunun direktorunun müşaviri filologiya elmləri doktoru Əlizadə Əsgərli mövzu ilə bağlı çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində, ictimai-siyasi fəaliyyətində elmə, mədəniyyətə, ədəbiyyat və sənətə önəm verib, yaradıcılıq sahələrinə həssas yanaşıb, onun qorunub saxlanması və inkişafı qayğısına qalıb. Dünyaşöhrətli siyasi xadim Heydər Əliyev öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.

YUXARI