XƏBƏRLƏR29.6.2022 16:42

Zəngilanda beynəlxalq konfrans işinə başlayıb

93

İyunun 29-da Zəngilan rayonunun Ağalı kəndindəki “Ağıllı kənd” yaşayış massivində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans işinə başlayıb.

Trend-in məlumatına görə, konfransda iştirak etmək üçün Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin, beynəlxalq təşkilatların üzvləri Zəngilan rayonunun Ağalı kəndinə gəlib.

Konfransda su ehtiyatları sahəsində davamlı inkişafın məqsəd və hədəflərinə nail olmaq üçün səylərin səfərbər edilməsi, bu məsələnin qlobal və regional həlli məqsədilə beynəlxalq səviyyədə dialoqun yaradılması, transsərhəd kontekstdə tərəfdaşlığın qurulması kimi aktual istiqamətlər müzakirə olunacaq.

Tədbirdə işğaldan azad edilən ərazilərdə ekosistemin və infrastrukturun, hidrometeoroloji müşahidə sistemlərinin bərpası, ətraf mühitin monitorinqi stansiyalarının yaradılması, yaşıllıqların salınması, meşəbərpa tədbirləri, su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su mənbələrinin qiymətləndirilməsi, balıq növlərinin yetişdirilərək su hövzələrinə buraxılması sahəsində həyata keçirilən layihələr barədə iştirakçılara məlumat veriləcək.

Ermənistan tərəfindən törədilmiş ekoloji terror, təbiət obyektlərinə dəymiş ziyan, Oxçuçayın və digər su hövzələrinin Ermənistan tərəfindən vəhşicəsinə çirkləndirilməsinin davam etdirilməsi, ekoloji terrorun fəsadlarının aradan qaldırılması və bölgənin ətraf mühitinin yaxşılaşdırılması mövzuları ilə bağlı məsələlər iştirakçıların diqqətinə çatdırılacaq.

Konfransda kənd təsərrüfatı nazirinin müavini İlhamə Qasımova, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Olga Algayerova, BMT-nin Su Konvensiyasının katibi Sonja Koeppel, BMT-nin Ətraf Mühit Proqramının Avropa ofisinin direktoru Bruno Pozzi və digər rəsmilərin iştirakı ilə geniş müzakirələr aparılacaq.

YUXARI