CƏMİYYƏT31.3.2023 17:00

Xəzər rayonunda “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi“ mövzusunda konfrans keçirilib

1142

Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbirlər proqramına uyğun olaraq Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi“ mövzusunda konfrans keçirilib.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətnin başçısı Elşən Salahov, Milli Məclisin deputatı akademik Əhliman Əmiraslanov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru professor Misir Mərdənov, YAP Veteranlar Şurasının üzvü, əməkdar jurnalist Tahir Məmmədov, Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri, İctimai Şuranın üzvü, tarixçi alim və professor Təvəkkül Səlimov, RİH başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər, rayonun ictimai-siyasi, mədəni həyatında fəallığı ilə seçilən gənclər iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Xəzər Rayon İcra Hakimiyyətinin binası önündə ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri qoyular.

Mərdəkan Mədəniyyət Sarayında davam edən tədbir Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Elşən Salahov Ümummilli lider Heydər Əliyevin mənalı həyatı və misilsiz xidmətlərindən danışaraq, Azərbaycan xalqının və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyət olduğunu vurğulayıb. İstər sovet dövründə, istərsə də müstəqillik illərində respublikaya rəhbərlik edərək ömrünü öz xalqına həsr edən Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını qeyd edərək, Ulu öndərin şah əsəri müasir müstəqil Azərbaycan dövləti və azərbaycançılıq məfkurəsi bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbəriliyi altında uğurla inkişaf etdirilir. E.Salahov çıxışını Ulu öndər Heydər Əliyevin məhşur bir kəlamı ilə bitirdi: "Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!".

Heydər Əliyevin səhiyyə sahəsində Azərbaycan Respublikası qarşısında olan misilsiz xidmətlərindən danışan Əhliman Əmiraslanov, eyni zamanda Ulu öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.

Çıxış edən Misir Mərdanov və Tahir Məmmədov bəşər tarixində nadir insanlarin həyat və fəaliyyəti bütün millətin, xalqın, dövlətin taleyini həll etmiş olduğunu qeyd edərək, Heydər Əliyevin də məhz belə bir şəxsiyyət kimi tarixdə həkk olunduğunu vurğuladılar. Vahid, bölünməz Azərbaycanın qorunması və möhkəmləndirilməsi xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək, onun həyatı barədə danışdılar və Ulu öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.

Tədbirdə Təvəkkül Səlimov və şəhid anası Reyhan Yusifova çıxış edərək Ulu öndərin müdrik siyasəti nəticəsində Azərbaycan qısa zamanda regionun lider dövlətinə çevrildiyini qeyd ediblər. Ulu Öndərin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində düşünülmüş addımları öz bəhrəsini verdiyini vurğulayaraq 44 günlük Vətən müharibəsinin şanlı zəfərindən danışdılar.

YUXARI