BAXIŞ BUCAĞI15.5.2021 19:03

Xarıbülbül festivalı hər kəsə mesajdır: dosta da, düşmənə də... 

878

30 ildən sonra Şuşada Xarıbülbül musiqi festivalının keçirilməsi ilahi ədalətin bərpası demək idi. “Şuşasız bizim işimiz yarımçıq qala bilər" deyən Prezident İlham Əliyevin qətiyyəti, müzəffər ordumuzun, Şəhidlərimizin və Qazilərimizin qəhrəmanlığı sayəsində ilahi ədalət yerini tapdı. Allahdan onlara rəhmət diləyir, dövlətimizə isə daim güclü olmağı arzulayıram.

30 il bundan əvvəl xəyanət nəticəsində boşaldılan Şuşa şəhərinə 30 il sonra xalq-dövlət-rəhbər birliyilə qayıtdıq. Qayıdışımızı Xarıbülbül musiqi festivalı ilə dünyaya, yaxınlıqda və uzaqda olan dostlarımıza, düşmənlərimizə car çəkdik. Dostlar sevindi, düşmənlər daha da pərişan oldu. Əminəm ki, ana vətənlə qovuşduğu üçün rahat-rahat nəfəs alan Şuşada torpaqlarımızın azadlığı, dövlətimizin var olması üçün canlarından keçən bütün şəhidlərimizin ruhu dolaşırdı. Onların ruhu əlbət ki, rahatdır, çünki apardıqları haqq davası qələbə ilə sonuclandı.

Festival Azərbaycanın xalqlar palitrasını özündə əks etdirirdi. Səslənən musiqilər, rəqslər ölkəmizdəki multikulturalizmin, birliyin, vəhdətin təcəssümü idi. Bizlər Azərbaycanda belə yaşayırıq. Birgə, anlayışlı, dinc və harmonik. Onu pozmaq üçün çox cəhdlər göstərilib və göstərilməkdədir. Amma biz, Azərbaycandakı bütün xalqlar – türk, talış, ləzgi, kürd, yəhudi, ərəb, avar, tat, rus və s. əl-ələ verib, döyüşüb aldıq. İndi də əl-ələ verib, bir yerdə Şuşaya və digər azad olunan ərazilərimizə gəlmişik.

Dinc, mehriban yaşamağı bacarsaydılar bəlkə ermənilər də orada təmsil oluna bilərdilər. Amma onlar yüz minlərlə insanımızı milliyət, din, yaş, cins, sosial fərq qoymadan qətl etməklə, torpaqlarımızı viran etməklə, xaricdəkilərin fitvasıyla bizlərə xainlik etməklə bu haqqı birdəfəlik itirdilər.

Bunu yaxınlıqda (Xankəndi) və uzaqda (Ermənistanda) olan ermənilər eşitdilər, gördülər. Məğlub Ermənistanın baş naziri Nikol Paşinyan Şuşada yallı getmənin, onun həyat yoldaşı Anna Akopyan Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanı qonaq qismində Şuşaya dəvət etmənin bədəlini ağır ödədilər. Prezident İlham Əliyev də, Birinci xanım Mehriban Əliyeva da Şuşaya gəldilər, ev yiyəsi kimi təşrif buyurdular. Onların isə Şuşaya yolları birdəfəlik kəsildi.

Xarıbülbül festivalındakı görüntülər ermənilərə da, onların havadarlarına da mesaj idi. Bu mesaj içimizdə olan, dildə bizdən olduğunu deyən, amma əməldə millətimizi ruhdan salmağa, dövlətimizi aşağılamağa, bizləri pərişan etməyə çalışan, buna nail ola bilmədikdən sonra Şuşaya gedib utanmadan poz verən bəzi nankorlara da ünvanlanmışdı. Səslənən musiqilər, edilən çıxışlar, sevinc nidaları bunu ifadə edirdi: Biz gəlmişik, Biz burdayıq, Biz heç zaman torpağımızı düşmənə verməyəcəyik, Biz heç zaman qisasımızı qiyamətə qoymayacağıq!

YUXARI