CƏMİYYƏT2021.07.16 13:24

Vətəndaş Hərəkatı Şərqi Zəngəzur və Qarabağ məsələsini müzakirəyə çıxardı

59

Azərbaycan Vətəndaş Hərəkatı (AVH) Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanından irəli gələn məsələlərlə bağlı müzakirə keçirib. Zoom platforması üzərindən onlayn formatda keçirilən müzakirədə Azərbaycanda yeni iqtisadi rayonların – Şərqi Zəngəzur və Qarabağın yaradılması ilə bağlı məsələlər barədə danışılıb. 

AVH-nin İcraçı direktoru Mübariz Göyüşlü Hərəkatın gördüyü işləri diqqətə çatdırıb. O, bildirib ki, AVH müntəzəm olaraq Azərbaycan üçün önəmli məsələlərin müzakirəsini keçirir, bununla bağlı bəyanat, müraciət qəbul edir, ictimai rəyi düzgün şəkildə formalaşdırmağa çalışır. M.Göyüşlü Prezident İlham Əliyevin Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü ilə bağlı Fərmanının mühüm əhəmiyyətə malik olduğunu, ciddi məqamlardan xəbər verdiyini diqqətə çatdırıb. 

AMEA Tarix İnstitutunun İcraçı direktoru, tarixçi alim Cəbi Bəhramov Prezident İlham Əliyevin Zəngəzur, Göyçə, İrəvanla bağlı fikirlərini müsbət qiymətləndirib. 1921-ci ildə Zəngəzurla bağlı saxtalaşdırılan sənədlərdən söz açan C.Bəhramov Nəriman Nərimanov tərəfindən görülən işlərdən danışıb. O, 1923-cü ildə yaradılan “Dağlıq Qarabağ” inzibati ərazi vahidi, azərbaycanlı əhalinin Zəngəzurdan, Göyçədən və digər yerlərdən köçürülməsindən, Naçxıvanla Azərbaycanın ayrılmasından ətraflı bəhs edib. C.Bəhramovun sözlərinə görə bütün oyunlar Bakı nefti uğrunda gedirdi. Sonda “Azərbaycanlılar doğma torpaqlarına qayıdacaqlar” deyən tarixçi alim Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının o zaman qəbul edilən və dövlətimizin ziyanına olan qərarların ləğvi üçün referendum keçirməsini mümkün sayıb. 

AVH-nin İdarə Heyətinin üzvü, təhsil eksperti Aydın Allahverdiyev bəyan edib ki, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Ermənistana ərazi iddiası demək deyil. “Bu həm də beynəlxalq ictimaiyyətin diqqətini xalqımıza qarşı törədilmiş tarixi ədalətsizliyə yönəltmək üçün atılan uğurlu diplomatik addımdır” deyən A.Allahverdiyev fikrini izah edib. 

AVH-nin İdarə Heyətinin üzvü, tarixçi alim Hacı Həsənov bildirib ki, Azərbaycan xalqı və bütün azərbaycanlılar tarixi faktları dünyaya çatdırmalıdır: “İctimaiyyət olaraq qədim torpaqlarımızı tələb etməliyik. Prezident İlham Əliyev haqlı olaraq bu fikirləri gündəmə gətirir və biz də dəstək olmalıyıq”. 

Antalya Azərbaycan Kültür və Həmrəylik Təşkilatının sədri Ceyran Səttarova diaspor təşkilatları olaraq bu fikirləri dəstəklədiklərini deyib. O, gələcəkdə Azərbaycanın bütün torpaqlarının birləşdiriləcəyinə inandığını söyləyib. 

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi təşkilatının sədri Fuad Hüseynzadə iqtisadi rayonların yeni bölgüsünün gələcək nəsil üçün yenilik olduğunu açıqlayıb. F.Hüseynzadə xarici mediada Azərbaycan həqiqətlərinin təbliği üçün gördükləri işlərdən də danışıb. 

AVH-nin Məclis üzvü, tarixçi alim Taleh Cəfərov “100 il əvvəl bizi kim xilas etmişdisə yenə də onlar xilas etdi” deməklə çıxışına başlayıb. O, 100 il əvvəl torpaqlarımızın erməniyə kimin təzyiqi ilə verildiyini və 100 il sonra da onların dəstəyilə azad edildiyini qeyd edib. 

Sonda Azərbaycan Vətəndaş Hərəkatının bu cür diskussiyaları davamlı şəkildə keçirməsi qərarlaşdırıldı.


 

YUXARI