ELM VƏ TƏHSİL3.5.2021 07:03

Vətən sevgisi

29846

(Atamın – Zakir Məmmədovun doğumunun 85 illiyi münasibətilə)

İnsanda vətənpərvərlik, vətənsevərlik duyğusunun mövcudluğu yüksək  insani dəyərlərdəndir. Bu duyğu insanda kiçik yaşlarından özünü göstərir, ailənin və ətraf  aləmin təsiri ilə formalaşır. Elmi və fəlsəfi əsərlərdə filosoflar və mütəfəkkirlər Vətənə münasibətlərini parlaq şəkildə ifadə etmişlər. Bu baxımdan XII əsrdə yaşayıb yaratmış sufizmin panteist fəlsəfəsinin banisi, Azərbaycan filosofu Eynəlquzat Miyanəcinin (1099-1131) vətən haqqında fikirləri maraq doğurur. Alimin fəlsəfi irsinin yeganə araşdırıcısı AMEA-nın müxbir üzvü, profesor Zakir Məmmədov bu barədə yazmışdır ki, o, 28-29 yaşlarında azadfikirlilik üstündə müsəlman qanunçuları  – fəqihlər tərəfindən təqiblərə məruz qalmış, 1128-ci ildə həbs edilib, Bagdad zindanına göndərilmişdir. Burada keçirdiyi ağrılı-acılı günlərindən, Vətən həsrətindən Eynəlqüzat Miyanəci Bağdad zindanında yazdığı “Ölkələrin alimlərinə vətəndən ayrı salınmış qəribin şikayəti” (“Şəkva əl-ğərib ən əl-əvtan ilə üləma əl-büldan”) adlanan traktatında xəbər verir. O, doğma elindən-obasından uzaq düşdüyünə görə iztirab keçirir, yuxusuz qalır, həsrətə dözə bilməyib göz yaşları axıdır. “Vətən sevgisi imandır, gizli deyildir ki, vətən sevgisi insan fitrəti ilə qatışmışdır” deyə aləmə car çəkir.

Vətən müqəddəs hesab edilir, zamanından asılı olmayaraq vətən sevgisi dəyişmir. Vətən əcdadların məskəni, gələcəyə verilən ən dəyərli varidat kimi qiymətləndirilir. Azərbaycan ədəbiyyatının böyük şairi, jurnalist, tərcüməçi Abbas Səhhətin (1847-1918) Vətən haqqında məşhur şeirində ifadə edildiyi kimi, “Məni xəlq eyləmiş əvvəlcə Xuda, Sonra vermiş vətənim nəşvü-nüma”. Vətən heç bir zaman unudulmur. Şair bu mənada yazırdı: “Vətəni məncə unutmaq nə demək?!”; “Saxlaram gözlərim üstə onu mən, Ölərəm əldən əgər getsə vətən”; “Vətən əcdadımızın mədfənidir, Vətən övladımızın məskənidir”; “Vətənin sevməyən insan olmaz, Olsa ol şəxsdə vicdan olmaz!”.

Vətənimizin hər bir guşəsi maddi-mədəni abidələrilə və təbii ehtiyatlarıyla zəngindir, füsunkar gözəlliyi ilə diqqətəlayiqdir. Azərbaycanlıların qədim torpağı olan Qarabağ da gözəlliyi ilə heyranedicidir. Azərbaycanın ayrılmaz hissəsi və strateji əhəmiyyətə malik Qarabağ ərazisi  tarix boyu düşmənlərin hücumlarına məruz qalmışdır.  

 Məlumdur ki, Azərbaycan torpaqlarında ermənilər qondarma “Dağlıq Qarabağ respublikası” yaratmış, Xankəndi, Xocalı, Şuşa, Laçın, Ağdərə, Kəlbəcər, Xocavənd, Ağdam, Cəbrayıl, Fizuli, Qubadlı, Zəngilan 30 ilə yaxın işğal altında idi. 
27 sentyabr 2020-ci ildən başlayan və 44 gün davam edən Vətən müharibəsilə torpaqlarımız düşmən işğalından azad olmuşdur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz  tərəfindən 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edilmişdir. Qarabağın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş qazilər, şəhidlik zirvəsinə ucalmış döyüşçülər Azərbaycanın qəhrəman övladları kimi tarixdə iz qoymuşlar.

İşğaldan azad edilmiş ərazilər ermənilərin vəhşiliklərinə məruz qalmış, dağıdılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətindən: “Mən Ağdam şəhərində olarkən bir salamat bina tapmadım, Füzulidə də həmçinin, Cəbrayılda da həmçinin. Hər tərəfi dağıdıblar, elə bil ki, vəhşi qəbilə keçib oradan. Biz isə qurub-yaradanıq. Biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik”. 

Azərbaycan xalqının haqlı mübarizəsində zəfər qazanması 2020-ci ilin ən böyük tarixi hadisəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə (3 dekabr 2020-ci il)  hər il noyabrın 8-də  Azərbaycan Respublikasında Zəfər Günü qeyd ediləcəkdir. Sərəncamda göstərilmişdir: “44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.... Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi”.

Tarix boyu özlərini məzlum, miskin şəkildə təqdim edən ermənilər daxilən vəhşi və dağıdıcı xarakterə malikdirlər. İşğaldan azad edilmiş ərazilərdə bu aşkar şəkildə görünür.  

Avropanın tanınmış düşüncə sahiblərinin ermənilərin xəstə psixologiyası haqqında yazdıqları fikirlər hazırkı zamanda da öz aktuallığını saxlayır. Əsərləri ilə dünyada böyük şöhrət qazanmış fransalı yazıçı Aleksandr Dümanın (1802-1870) ermənilər haqqında fikirləri maraqlıdır: ermənilər güman edirlər ki, guya yer üzündə cənnət Ermənistanda olmuşdur. Yer kürəsini suvaran ilk dörd çay da guya öz başlanğıcını orada tapmışdır. Nuhun gəmisi də Ermənistanda ən uca dağın başın dayanmışdı. Məhv olmuş dünyamız guya yenidən orada canlanmağa başlamışdı. Nəhayət, guya Nuh peyğəmbər Ermənistanda üzüm bağları salmış, ilk dəfə şərabın gücünə, təsirinə məruz qalan da o olmuşdur (Aleksandr Düma. Qafqaz səfəri. Fransız dilindən tərcümə edənlər: Qəzənfər Paşayev, Həmid Abbasov).

Məşhur İsveç şərqşünası, professor Adam Metsin (1869-1917) Heydelberqdə 1922-ci ildə çap etdirdiyi və şərqşünas alim, tərcüməçi D.E.Bertelsin tərcümə etdiyi kitabda ermənilərin vəhşi və qorxaq təbiəti göstərilmişdir. Adam Mets ermənilərin psixologiyasını belə xarakterizə etmişdir: ermənilər zərif bədən quruluşuna, lakin eybəcər ayaqlara malikdirlər, onlar utancaq deyillər, oğurluqları çox yayılmışdır, xəsislikləri müəyyən olunmamışdır. Onların təbiəti və dili kobuddur. Əgər sən erməni qulunu bir saatlıq işsiz qoysan, onun təbiəti dərhal onu şərə sürükləyəcək. O yalnız zor gücünə və qorxu təsirindən yaxşı işləyir. Onun tənbəlliyi zəiflikdən deyil, həzz hissindən baş verir. Belə olduqda çubuğu götürüb, onu cəzalandırıb, istədiyini etməyə məcbur etmək lazımdır. 

Göründüyü kimi, ermənilərin xəstə psixologiyası Avropa yazarlarının qələmə aldığı əsərlərdə əksini tapmışdır. İllər, əsrlər keçsə də düşmənlərimizin azğınlığı, dağıntılar törətməyə meyllikləri, vəhşiliyi  özünü göstərir.  

Qarabağ torpağı ermənilərin işğalına məruz qalarkən hər bir Azərbaycan vətəndaşı, eləcə də bu torpaqlarda doğulub böyümüş yurddaşlarımız dədə-baba ocaqlarının nisgili ilə yaşayırdılar. Lakin yenidən  tarixi torpaqlarımıza qayıdacağımızı, Qarabağın düşmən işğalından azad ediləcəyinə böyük ümid bəsləyirdilər. Ağdamda doğulub böyüyən atam – Zakir Məmmədov Qarabağ nisgili ilə dünyasını dəyişmiş, amma Qarabağın xilas ediləcəyinə inanırdı.  Qarabağı tərənnüm etdiyi bir şeirində belə yazmışdır:  

Qədir-qiyməti var elmin, sənətin
Əziz ərmağandır söz Qarabağda.
Dünyanın ən gözəl nazü-nemətin
İstə Qarabağda, gəz Qarabağda 
Rəvamı olmayaq biz Qarabağda?! 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz Qarabağı erməni vandallarının işğalından, əsarətindən qurtardı, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Qarabağ Zəfərinin qazanılmasında iştirak edən Vətən övladları qəhrəmanlıq salnaməsini yazdılar. 

Qəlbi hər zaman Vətən sevgisi ilə döyünmüş, Vətənin düşüncə tarixində əvəzsiz xidmət göstərmiş, milli fəlsəfi fikrimizin varlığını üzə çıxarıb araşdırmış, bu il doğumunun 85 ili tamam olan AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədovun ruhu şaddır. Xalqımız işğaldan azad edilmiş, qədim yurd-yuvalarına – Qarabağa qayıdır. 
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Aytək Zakirqızı Məmmədova
fəlsəfə doktoru, dosent

YUXARI