BAXIŞ BUCAĞI18.2.2023 23:10

Türkiyə türkcəsi, rus dili, yoxsa daha qorxulusu olan ingilis dili? - Mübariz Göyüşlü yazır

8513

Mübariz Göyüşlü
BDU-nun müəllimi, Müasir İnkişaf Birliyinin sədri

Bu sətirləri yazmağımın səbəbi dilimizin başqa bir dövlətin istifadə etdiyi dilin xeyrinə ləğv olunması təklifinə olan münasibətlərlə yanaşı mənim "Türkiyə türkcəsi türk xalqlarının ortaq ünsiyyət dili ola bilər" qeydimə ictimaiyyətin maraqlı reaksiyalarıdır. Son bir neçə gündür Azərbaycanda dövlət dilinin başqa bir dövlətin - Türkiyənin dövlət dili ilə əvəz olunması ilə bağlı bir nəfər ictimai xadimin fikirləri müzakirə olunur. Bəribaşdan qeyd edim ki, onun bu təklifi bugün ortaya çıxıbsa mənim aşağıda qeyd edəcəklərim illərdir apardığımız mübarizənin, gördüyümüz işlərin, o cümlədən mövcud vəziyyətin düzgün təhlilinin nəticəsində ortaya çıxıb.

Əvvəlcədən qəti şəkildə elan edirəm: Mən heç bir halda, heç bir şərtlə Azərbaycan dilinin hansısa dövlətin vətəndaşlarının istifadə etdiyi rəsmi dillə, indi təklif edildiyi kimi Türkiyə türkcəsi ilə (hətta qardaş olsaq da, canımız qədər sevsək də) əvəz olunması fikriylə qətiyyən razı deyiləm. Bu cür fikirlərin yayılmasının da, səsləndirilməsinin də qəti şəkildə əleyhinəyəm.

Azərbaycanın Türkiyəyə birləşdirilməsi, Azərbaycanın bir dövlət kimi mövcud ola bilməməsi, ləğv edilməsi kimi fikirlər 100 il bundan əvvəl də, 20-30 il bundan əvvəl də səsləndirilib. II Qarabağ savaşına qədər bu fikirlər yenə də gündəmə gələ bilərdi və gəlirdi də. Amma Azərbaycan xalqı və dövləti 44 günlük müharibə ilə, qələbə ilə (bunlar sadəcə söz yığnağı deyil) sübut etdi ki, o yaşamağa, mövcud olmağa layiqdir və bunu bacarır. Ərazi söhbətinə niyə toxunmağımız sizə qəribə gələ bilər. Amma gəlməsin. Bir dövlətin dilinin ləğv edilməsi ilə dövlətin özünün ləğv edilməsi arasında heç bir fərq yoxdur. Dil məsələsi bizim üçün həyati əhəmiyyət kəsb edir, etməlidir. Dilim varsa yurdum var, dövlətim var, xalqım var.

Mətnin əvvəlində toxunduğum məqama qayıdıram. Azərbaycan dili, Qazax, Özbək, Qırğız, Tatar və s. türk xalqlarının danışdığı dillər saxlanılmalı, inkişaf etdirilməlidir. Türkiyə türkcəsinin ortaq ünsiyyət dili olması təklifi digər türk xalqlarının danışdığı dilin ləğv olunması demək deyil və bu cür anlaşılmamalıdır. Kiçik bir nümunə deyim: Azərbaycanda ədəbi dil var, eyni zamanda regionlarımızın maraqlı, şirin, bizim üçün xoş olan yerli ləhcələri var. Bakı, Qarabağ, Qazax, Gəncə, Naxçıvan, Lənkəran, Quba, Şəki, Qərbi Azərbaycan, Borçalı və s. bölgələrimiz üzrə azərbaycanlılarımızın istifadə etdiyi ləhcələr var. Hələ mən Azərbaycanda yaşayan digər xalqların istifadə etdikləri dilləri demirəm. Ədəbi dilin mövcudluğu bu ləhcələri, digər xalqların istifadə etdikləri dilləri ləğv etmir, etmək iddiasında da deyil. Amma heç kimsə də bütün Azərbaycanda bir-birini tam olaraq anlamaq üçün ədəbi dildən, Azərbaycan dilindən (Azərbaycan türkcəsindən, türk dilindən – M.G) istifadə etmək zərurətini də inkar etmir. İstər paytxat Bakıda, istərsə də regionlarda yaşayan insanlarımız başa düşür və qəbul edir ki, 10 milyonluq əhalinin bir-birini başa düşməsi, orta, ali məktəblərdə oxumaq, ictimai yerlərdə ünsiyyət qurmaq, rəsmi qurumlara müraciət etmək və s. üçün Azərbaycan ədəbi dilindən istifadə etmək lazımdır. 

Əlbəttə bizim dilimizin zəngin olması, inkişafda olması, bununla yanaşı hansısa problemləri yaşaması kimi mövzuları peşəkar dilçilərimiz açmalı və davam etdirməlidir. Mən bu məsələnin detallarına varmaq istəmirəm. Sadəcə xatırlatmaq istərdim ki, 100 il bundan əvvəl Azərbaycan türkcəsi nəinki indiki Azərbaycan Respublikasının ərazisində, nəinki Cənubi Qafqazda, hətta bütün Qafqazda və ona qonşu olan bir sıra yerlərdə ortaq ünsiyyət dili kimi istifadə olunurdu. Bu təkcə dilimizin zəngin olub-olmaması, şirin və ya acı olması ilə bağlı deyildi. Bu həm də qeyd olunan ərazilərə Azərbaycanın, azərbaycanlı türklərin siyasi, iqtisadi, mədəni, hərbi və s. istiqamətlərdə təsir imkanları ilə birbaşa bağlı idi. Bugün vəziyyət necədir? Açıq danışmaq, hər şeyi öz adı ilə çağırmaq lazımdır ki, bugün vəziyyət heç də ürəkaçan deyil. Bugün Azərbaycan dili nəinki Qafqazda, heç Cənubi Qafqazda da ortaq ünsiyyət dili deyil. Bugün Azərbaycan dilini öz ölkəmizdə belə arzuolunan səviyyədə saxlaya bilmirik. Yüksəkrütbəli bir sıra məmuların, cəmiyyətə təsir imkanları olan şəxslərin əcnəbi dillərdə danışması, ölkəboyu reklamların, şirkət, təşkilat adlarının anlaşılmaz əcnəbi dillərdə yazılması, özəl qurumlara, bəzən isə hətta dövlət orqanlarına belə işə düzəlmək üçün vətəndaşlarımızdan sərt şəkildə ingilis və rus dili bilgisinin tələb edilməsi, rus dilinin büdcə hesabına maliyyələşən tədrisi və s. məsələləri qeyd etsək durumun nədən ibarət olması bizə əyan olar. Bu o demək deyil ki, biz dilimizi ləğv etməli, yaxud Türkiyə türkcəsini gətirib burada rəsmi dil etməliyik. Bu o deməkdir ki, dilimizin yaşadığı böhranlı, problemli məsələlərini təcili bir şəkildə həll etməli, onun ən azından öz ölkəmizdə geniş şəkildə istifadə olunmasını təmin etməliyik.

Mənim facebookda yazdığım və müzakirəyə, maraqlı fikirlərin yaranmasına səbəb olan iki cümləlik təklifim isə beynəlxalq miqyasla bağlıdır. Bugün, məhz bugün (sabah necə olacağını demək çətindir – M.G) daxili auditoriyada böhran yaşayan dilimizin türk xalqlarının ortaq ünsiyyət dili olmaq kimi şansı yoxdur. Bu o demək deyil ki, bizim dilimiz pisdir, keyfiyyətsizdir, zəifdir, kasaddır, məhv olur və s. Sadəcə olaraq bir dilin beynəlxalq miqyasda geniş şəkildə istifadə olunması üçün onun arxasında olan dövlətin, xalqın iqtisadi, siyasi, mədəni, hərbi, ən əsası elm-təhsil sahəsində əldə etdiyi uğurların çox böyük rolu var. Bizdə sadaladığım istiqamətlərin bəziləri ilə bağlı, xüsusən də elm-təhsil sahəsində köklü, ciddi dəyişikliklərin, işlərin görülməsi lazımdır. Bunu söyləmək üçün böyük cəsarətə, yaxud qeyri-adi bacarıqlara malik olmaq lazım deyil. Hər birimiz durumu görürük, onu təhlil etmək qabiliyyətinə malikik və yaxud da düzgün, obyektiv, peşəkar araşdırmaları oxuyub nəticə çıxara bilirik. Belə bir durumun yaranmasına kimin, yaxud nəyin səbəb olmasını da müzakirə etməkdən uzağam. Çünki bu halda mövzudan yayınacağıq. Bugün əgər ingilis dili dünya dili olubsa bu heç də onun çox gözəl, şirin, axıcı və s. olması ilə bağlı deyil. Bu həm də Böyük Britaniyanın, ABŞ-ın dünyadakı mövqeyi və potensialı ilə birbaşa bağlıdır. 

Türk xalaqları hazırda birlik istiqamətində çox ciddi işlər görür. Türk Dövlətləri Təşkilatının və ona bağlı olan qurumların gördükləri işlər, ölkələrin ikitərəfli, çoxtərəfli əlaqələrinin güclənməsi təqdirəlayiqdir. Siyasi, iqtisadi, ictimai, hərbi münasibətlərin sürətli inkişafı bizim illərdir arzuladığımız, təklif etdiyimiz məqamların gerçəkləşməsi deməkdir. Lakin bu birliyin ən mühüm özüllərindən biri mədəniyyətlə, daha dəqiq desək ortaq əlifba və ünsiyyət dili ilə sıx bağlıdır. Biz danışarkən, yazarkən bir-birimizi müəyyən qədər başa düşürük. Tam olaraq başa düşməyimiz üçün ya rus, ya ingilis, ya da Türkiyə türkcəsindən istifadə edirik. Kimsə iddia edə bilməz ki, türk xalqlarının hamısı bir-birini başa düşmək üçün Azərbaycan dilindən, Qazax, Qırğız, Özbək, Tatar, Başqırd türkcəsindən istifadə edir. Bugün bu mümkün deyil, sabah da belə bir imkanın olacağı şübhəlidir. Amma Türkiyə türkcəsinin bu “yükü” öz üzərinə götürmək imkanları var. Çünki Türkiyənin digər türk dövlət və xalqları ilə müqayisədə siyasi, hərbi, mədəni, təhsil, elm, iqtisadi sahələrdə inkişafı mübahisəsiz, müzakirəsizdir. Vaxtilə Rusiya keçmiş SSRİ məkanında rus dilini ortaq ünsiyyət dilinə çevirmişdi. Məcburiyyətdən, qorxudan bütün sovet xalqları bunu qəbul etmişdilər. Rus dilində danışmaq üçün onu əmlli-başlı öyrənmək lazımdır. Lakin Türkiyə türkcəsiylə bağlı bunu demək olmaz. Məcburiyyətsiz, qorxusuz belə artıq Azərbaycanda, o cümlədən digər türk dövlətlərində Türkiyə türkcəsi oxunur, danışılır, anlaşılır. Yəni artıq kiminsə istəyib-istəməməsindən, sevib-sevmməsindən, qorxub-qorxmamasından və s. məsələlərdən asılı olmayaraq Türkiyə türkcəsi nəinki türk xalqları, hətta türksoylu olmayan bir sıra xalqların da ortaq ünsiyyət dilinə çevrilib. Biz isə bunu sadəcə olaraq iki cümləlik sosial şəbəkə statusunda xatırlatmışıq. 

Süni şəkildə ortaq türk dili yaratmaq ideyası sadəcə olaraq problemin həllini uzatmaq cəhdi, birliyimizə əngəl olmaq üçün birlərəkdən, yaxud bilməyərəkdən edilən çabalarıdır. 30 ildən çoxdur Cənubi Qafqazda və Mərkəzi Asiyada müstəqil türk dövlətləri mövcuddur. Bu müddətdə nəinki ortaq türk dili, heç ortaq türk əlifbası da yarada bilməmişik. Halbuki əlifba dilə nisbətən daha asan şəkildə yaradıla bilər. Bunun müxtəlif səbəbləri var, burada yazıb mövzunu çox uzatmaq istəmirəm. “Mənim dilim yaxşıdır, səninki pisdir” kimi mənasız müzakirələr, nəticəsiz çalışmalar 30 illik vaxtımızı aldı. Daha təhlükəlisi budur ki, ortaq ünsiyyət dili ehtiyacımızı Türkiyə türkcəsi hesabına həll etmək təklifinə göstərilən müqavimətlər nəticəsində ortada olan boşluğu ingilis dilinin dolduracağı görünməkdədir. Müqavimət göstərənlərə sualımız var: İngilis dilinin türk xalqlarının ortaq ünsiyyət dili olması yaxşıdır, yoxsa Türkiyə türkcəsinin? Biz bu məqamda rus dilinin adını çəkmirik, çünki son bir ildə baş verənlər rus dilinin aktuallığını və imkanlarını əhəmiyyətli dərəcədə kiçildib.

Türkiyə türkcəsi ortaq ünsiyyət dili olarsa (ki artıq olub) türk xalqları üçün daha məqbul variantlar yarana bilər. Gələcəkdə və gedişatda biz bu türk ləhcəsinə - Türkiyə türkcəsinə digər türk ləhcələrində olan qədim və özbəöz türk sözlərini, məqbul olan sözləri, vacib bildiyimiz sözləri daxil edə bilərik. Beləliklə Türkiyə türkcəsi həm daha da zənginləşər, həm də bir dövlətin dili olmaqdan çıxıb bizim illərdir ki, arzuladığımız və istədiyimiz, lakin edə bilmədiyimiz Ortaq Türk Dilinə çevrilə bilər. Bu o demək deyil ki, digər türk xalqlarının dilləri sıradan çıxarılmalıdır. Xeyr, əsla! Bizim fikirlərimizi bilərəkdən o cür şərh edənlər birliyimizi istəməyənlər, bilməyərək izah edənlər isə mövcud vəziyyəti tam olaraq başa düşməyənlərdir. Bütün türk xalqlarının danışdıqları ləhcələr qorunmalı, saxlnaılmalı, inkişaf etdirilməlidir. Bu bizlərin – Türk Dünyasının və türk xalqlarının zənginliyi, rəngarəngliyi, böyüklüyü və gücü deməkdir. Amma yerli səviyyəli türk ləhcələri ilə yanaşı bizlərin başa düşəcəyi, rahat ünsiyyət qura biləcəyi Ortaq Ünsiyyət Dilinə ciddi ehtiyac var və bununla bağlı mənasız müzakirələri bitirmək lazımdır. Türkiyə türkcəsindən Ortaq Ünsiyyət Dili kimi istifadəni genişləndirmək lazımdır. 

Bizim müdafiə və illərdir ki, təbliğ etdiyimiz məqamların mahiyyəti, kökü bundan ibarətdir. Birliyimiz üçün, birgəliyimiz üçün, ortaq güc və imkanlarımızın artması üçün mədəni birliyimizə ciddi fikir verməliyik. Bunun isə bazasında, əsasında ortaq əlifba və ünsiyyət dili durur. Fikirlərimizi İsmayıl bəy Qaspıralının, Hüseyn Cavidin fikirləri ilə yeknulaşdırırıq: 

“Dildə, fikirdə, işdə birlik!” 

“Turana qılıncdan daha kəskin, ulu qüvvət,

Yalnız Mədəniyyət, Mədəniyyət, Mədəniyyət!!!”

YUXARI