DÜNYA2021.07.21 19:00

Türkiyə "F-16"larının Polşada ilk uğuru: Rusiya təyyarəsi "tutuldu"- FOTO

8

Türkiyənin "F-16" qırıcıları Polşada ilk patrul xidmətini uğurla həyata keçiriblər. Belə ki, NATO hava patrulu missiyası çərçivəsində Polşanın şimalında yerləşdirilən "F-16" qırıcıları iyulun 20-də naməlum təyyarəni "tutublar". Azvision.az xəbər verir ki, bu barədə NATO Hava Komandanlığı "Twitter"də məlumat yayıb.

"Türk "F-16"-ları iyulun 20-də Malbork hava bazasında (Polşa-red.) hava patrulu missiyası çərçivəsində naməlum bir təyyarəni "tutmaqla" özünün ilk əməliyyatını reallaşdırıb",- məlumatda qeyd edilir.

Bildirilir ki, qırıcılar müttəfiqlərin hava sahəsini qorumaq, uçuş planı və ya transponder uçuşu olmayan təyyarələri təyin etmək üçün gecə-gündüz çalışırlar.

"Ukrinform" isə yazıb ki, "Twitter"də yayımlanan şəkillərdə "naməlum təyyarə"nin Rusiyanın dəniz kəşfiyyatı üçün istifadə edilən "İl-38"i olduğu aydın görünür.

Xatırladaq ki, iyulun 6-da dörd Türkiyə "F-16" çoxfunksiyalı qırıcısı xüsusi patrul missiyası üçün Polşaya gələrək Malbork hava bazasına enib. Missiya çərçivəsində İtaliya Hərbi Hava Qüvvələrinin döyüşçüləri hazırda Estoniyada, İspaniyanın Hərbi Hava Qüvvələri isə Litvada yerləşiblər.
 

YUXARI