BAXIŞ BUCAĞI16.6.2021 08:00

Türkiyə-Azərbaycan Qardaşlığı Əbədidir!

110

15 iyun 2021-ci ildə Azərbaycan və Türkiyə, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Qardaşlığımız Əbədidir” fikrini tarixə həkk edən möhtəşəm bir addım atdılar. Türkiyə liderinin işğaldan azad edilən Şuşaya səfəri, burada tarixi bir sənədin – Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması 100 ildə bir dəfə baş verə bilən hadisədir. Biz bu günləri canlı olaraq yaşadığımız üçün bəlkə də onun önəmini, əhəmiyyətini, gələcəkdə hansı nəticələr doğura biləcəyini o qədər də hiss etmirik. Azərbaycan prezidentinin də ifadə etdiyi kimi Şuşa Bəyannaməsi Qars müqaviləsindən 100 il sonra, onun qədər təsir gücünə malik olan möhtəşəm bir sənəddir. “Bir millət, iki dövlət” ideyasıyla yola çıxan bizlər şüarları, xəyalları gerçək etməkdəyik.

Azərbaycanla Türkiyə arasında bugünə qədər çoxsaylı müqavilələr, sənədlər, sazişlər imzalanıb, ratifikasiya olunub. Elə bir sahə qalmayıb ki, onunla bağlı iki ölkənin birinci şəxsləri, digər rəsmi şəxsləri arasında sənədlər imzalanmasın. Lakin bu sənəd siyais, hüquqi, hərbi, mənəvi əhəmiyyətinə, əhatə etdiyi mövzulara, imzalanma tarixinə, yerinə, vaxtına görə digərlərindən daha üstün bir duruma gəldi.

Sənədin önəmini artıran ən mühüm məqam müdafiə və təhlükəsizliklə bağlı məsələlərin xüsusi olaraq qeyd edilməsidir. Ermənistan və onun havadarları tərəfindən təcavüzə uğrayan dövlət olaraq Azərbaycanın gözü hər zaman Türkiyəyə dikilib. Müstəqilliyimizi ilk tanıyan dövlət olaraq Türkiyə hər zaman Azərbaycana dəstəyini göstərib. Lakin ötən ilki 44 günlük Vətən savaşında Türkiyəmizin dəstəyini xüsusi qeyd etmək lazımdır. Müharibə və ondan sonra baş verənlər Türkiyənin, onunla müdafiə və təhlükəsizlik müqaviləsinin imzalanmasının önəminin daha da artmasına gətirib çıxartdı. Azərbaycan bir sıra beynəlxaql təşkilatlar və ölkələr tərəfindən haqsız hücumlara məruz qaldıqda ilk səsini duyuran qardaş Türkiyə oldu. Nəticədə hər iki dövlətin başçısı Şuşa Bəyannamsəində təshlüksizlik məsələsinə xüsusi önəm verdilər. İki dövlətin qarşılıqlı hərbi yardımı, birgə təhlükəsizlik fəaliyyətləri həyata keçirilməsinin sənədlə rəsmiləşdirməsi 15 iyun 2021-ci il tarixini əbədi yaddaşımıza həkk etdi.

Bu cümlələri həyacansız, sevinc hisslərinə boğulmadan oxumaq olmur: “Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur”. Bu ifadələrin yer aldığı tarixi sənədin imzalanması üçün uzun illərin mücadiləsi, siyasi, diplomatik, hərbi, iqtisadi, mədəni və s. istiqamətlərdə çalışmaları həyata keçirildi. Bu sənədə qədər də Türkiyə daim Azərbaycana dəstəyini verib. Lakin rəsmi bir sənədin imzalanması, rəsmi bir Bəyannamənin ərsəyə gəlməsi, onun Şuşada elan edilməsi mənəvi öhdəliklə yanaşı, hüquqi, siyasi, diplomatik, hərbi yardımın edilməsi üçün də tam imkanlar yaradır.

Prezident İlham Əliyev Azərbaycan ordusunun Türkiyə ordusunun kiçik bir modeli şəklində formalaşdırılacağını qeyd etmişdi. Bu sənəd onun üçün ciddi hüquqi baza yaradır. Dünyanın ən güclü orduları siyahısında olan Türkiyə ordusunun nümunəsində formalaşdırılan Azərbaycan ordusu yeni tarixlər yazacaq. Onillərlə qonşuları, onları havadarları tərəfindən təcavüzə məruz qalan Azərbaycan xalqına bundan gözəl müjdə ola bilməz. “Ordum varsa yurdum var” deyimini əsas götürsək sənədin bu bəndinin icrası bizləri əmin-amanlığa apara biləcək ordumuzun daha da gücləndirilməsi demək olacaq. Azərbaycan ordusu hazırda Cənubi Qafqazın ən güclü ordusudur. Bu nəticənin alınmasında Türkiyəmizin rolu danılmazdır. Bundan sonrakı mərhələdə aparılan proses onu daha da gücləndirəcək. Çətin ki, bundan sonra Cənubi Qafqazda kimsə Azərbaycanla hərb diliylə, zor üslubuyla danışmaq cəsarətində olsun.

Zəngəzur dəhlizi ilə bağlı müddəanın açıq şəkildə Bəyannamədə əksini tapması bu mövzuda sapmalar etmək istəyən Ermənistana, onun havadarlarına ciddi mesaj da sayıla bilər. Ermənistanın nə etməsindən, necə etmək istəməsindən asılı olmayaraq bu dəhliz açılacaq, qədim Azərbaycan torpağı olan Zəngəzurdan keçəcək, iki qardaş ölkəni – Türkiyə və Azərbaycanı digər dost və qardaş ölkələrlə birləşdirəcək. 100 il əvvəl sovet imperiyasının təzyiqi ilə Ermənistana verilən Zəngəzurun bir hissəsinin düşmən ölkənin ərzisi kimi tanınması güclü Azərbaycan üçün heç nə ifadə etmir. Ermənistan bölgədə davamlı pozuculuqla, təxribatla məşğul olacağı təqdirdə Azərbaycan öz qədim ərazisi olan Qərbi Zəngəzuru azad edə, dəhlizi birdəfəlik və daimi şəkildə beynəlxalq əlaqələrdə etibarlı bir vasitəyə çevirə bilər. Ona görə də faşist ideologiyasını populyarlaşdıran Ermənistanın Azərbaycanla münasibətlərdə daha diqqətli olması lazımdır. Bəyyanamaədki “Zəngəzur mesajı”nın mahiyyəti əslində həm də bunu ifadə edir.

Sənəddə əks olunan digər məsələlərin – diaspora, iqtisadiyyat, Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarına qarşı birgə mübarizə, media platforması və s. məqamlar da müqavilənin önəmini, əhəmiyyətini artıran, iki ölkənin münasibətlərini daha sıxlaşdıracaq məsələlərdir. Gələcəkdə biz bütün bunların bəhrəsini daha yaxşı bir şəkildə görəcəyik, hiss edəcəyik.

Dünyada elə dövlət tapmazsınız ki, o təhlükəsizlik şurasının iclasını digər dövlətlə birgə keçirməyi nəzərdə tutsun, bunu icra etsin. Azərbaycanla Türkiyə bu mənada da bir ilkə imza atmış da sayıla bilər. Hər iki ölkənin təhlükəsizlik şuralarının birgə iclasının keçirilməsinin Şuşa Bəyannaməsində əks olunması isə artıq “Bir Millət, Bir Dövlət” formulu da sayıla bilər.

Bütün bu sadalanan məsələlərə, 15 iyun 2021-ci ildə baş verən möhtəşəm hadisəyə görə Azərbaycan və Türkiyə vətəndaşlarını, soydaşlarımızı, liderlərimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanı, Türk-İslam aləmini, dostlarımızı təbrik edirik.

Mübariz Göyüşlü

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

YUXARI