ELM VƏ TƏHSİL2021.05.04 14:01

“Türk dünyası coğrafiyası və etnosu” təqdim edildi

7

AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutu tərəfindən hazırlanan “Türk Dünyası Coğrafiyası və Etnosu” üçcildliyi Milli Məclisin Mədəniyyət Komitəsi, Azərbaycan Atatürk Mərkəzi, Beynəlxalq Türk Akademiyası və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən onlayn konfransda geniş ictimaiyyətə təqdim edilib.

Kult.az xəbər verir ki, Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Darxan Kadıralı, AMEA-nın Geologiya İnstitutun direktoru, akademil Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, Türkiyədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri Hikmət Ərən, TRT Türkmənistan Masasının rəhbəri Murat Toylu, Coğrafiya İnstitutunun şöbə müdiri, dosent Mirnuh İsmayılov “Türk dünyası coğrafiyası və etnosu” kitabının məziyyətlərindən danışıblar.

Təqdimat konfransının aparıcısı, Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı “Türk dünyası coğrafiyası və etnosu” üçcildliyinin rus və ingilis dillərinə də çevrildiyini vurğulayaraq, bütün türk dünyası aydınları, ictimaiyyət nümayəndələri tərəfindən böyük maraqla qarşılanacağını bildirib.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, bu nəşr üzərində mütəxəssislər işləyib və türk dünyasını əhatələyən eyniməzmunlu növbəti nəşrlər üçün nümunə yaradılıb:

“Əlbəttə, bu, türk dünyası ünvanlı nə birinci, nə də sonuncu nəşrdir. Burada diqqəti cəlb edən əsas amillərdən biri mövzuya məhz elmi yanaşmanın olmasıdır. Etiraf edək, bizdə də, digər qardaş ölkələrdə də türk dünyası ünvanlı nəşrlərin bir çoxu ilə tanış olduqda sevgi, pafos görürük, ancaq peşəkarlığın çatışmadığını, informasiya yetərsizliyinin olduğunu da görurük. “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyi əhatəliliyi, mövzu üzrə təbii meyarların gözlənməsi ilə də diqqəti cəlb edir”.

Müəllif şıxışının sonunda bu fundamental əsərin bütün müəlliflərinə uğurlar arzulayıb.

YUXARI