İQTİSADİYYAT26.9.2023 11:11

Türk dövlətləri dünya miqyasında böyük iqtisadi gücə malikdir - Kənd təsərrüfatı naziri

1007

"Türk dövlətləri dünya miqyasında böyük iqtisadi gücə malikdir. Kənd təsərrüfatı bu iqtisadi gücün əsas mənbələrindən biri olmaqla bizim qədim tarixə malik məşğulluq sahələrimizdəndir".

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Türk Dövlətləri II Aqrobiznes Forumunda deyib.

"Sahib olduğumuz təbii ehtiyatlar, biomüxtəliflik, coğrafi yerləşmə və iqlim bizim aqrar potensialımızı daha da gücləndirir. Bu gün türk dünyası iş adamlarının və rəsmilərinin bir araya gəldiyi Türk Dövlətləri Aqrobiznes Forumu ölkələrimiz arasında aqrar ticarət əlaqələrinin daha da güclənməsinə hədəflənib. Ticarət təkcə hər hansı bir dəyər müqabilində məhsul mübadiləsi demək deyil, ticarət, həmçinin, mədəniyyətlərin, milli ənənələrin, ən yaxşı təcrübə və texnologiyaların mübadiləsi deməkdir. Bizim siz – iş adamlarından gözləntimiz bu prinsiplər əsasında əməkdaşlıq quraraq türk birliyinin iqtisadi gücünü daha da artırmaq, ərzaq təhlükəsizliyinə töhfə verməyinizdir", - deyə o qeyd edib.

Bundan başqa, nazir bildirib ki, 2009-cu ildə Naxçıvanda təməli qoyulmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycanın və digər üzv dövlətlərin daha güclü əməkdaşlıq formatı yaratmaq üzrə qarşısına qoyduğu məqsəd və hədəflərə uyğun olaraq, dünyanın nüfuzlu beynəlxalq təşkilatları sırasında yer alan Türk Dövlətləri Təşkilatına çevrilib: "Təşkilat çərçivəsində mövcud əməkdaşlıq istiqamətləri qismində səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, ədliyyə və digər humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri qurulub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmlənməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir".

M.Məmmədov Azərbaycanda aqrar sahədə aparılan son islahatlar və gələcək hədəflər haqqında da qısa məlumat verib:

"Az resursla daha çox istehsal etmək, iqlimə uyğunlaşmış, yaşıl və rəqəmsal kənd təsərrüfatı yaratmaq, həmçinin ixrac məhsullarımızı və coğrafiyamızı şaxələndirmək aqrar sahənin dayanıqlı inkişafı üçün əsas prinsiplərimizdəndir. Ölkəmizdə kənd təsərrüfatı, torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddır. Kənd təsərrüfatının inkişafı məqsədilə subsidiya, kredit və güzəşt formasında güclü dövlət dəstəyi mexanizmləri mövcuddur. Bütün xarici biznes subyektləri bu imkanlardan bərabərhüquqlu şəkildə yararlana bilər".

Kənd təsərrüfatı naziri qeyd edib ki, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin yüksək iradəsi və rəşadətli ordumuzun əzmkarlığı sayəsində Azərbaycan 30 il işğal altında olan torpaqlarını azad edib.

"Bu qələbə həm də türk dünyasının qələbəsi olaraq türk birliyinin etno-siyasi coğrafiyasını bərpa edib. İşğal dövründə həmin ərazilər tamamilə dağıdılaraq yararsız hala salınıb. Məscidlər, mədrəsələr, digər tarix-mədəniyyət abidələri və evləri dağıdılıb, ərazilər minalanıb. Hal-hazırda həmin ərazilərdə böyük miqyasda bərpa-quruculuq işləri aparılır, minalar təmizlənir, yeni yollar, “ağıllı şəhər”lər və “ağıllı kənd”lər salınır.

Prezident İlham Əliyevin “yaşıl enerji zonası” elan etdiyi işğaldan azad olunan ərazilərimiz böyük aqrar potensiala malik olmaqla, 128 min hektar kənd təsərrüfatına yararlı torpaqlara sahibdir. İndi bizim əsas məqsədimiz həmin ərazidəki digər kənd təsərrüfatına yararlı torpaqları minalardan təmizləyərək xəstəliklərdən azad, rəqəmsal,ən müasir təcrübə və texnologiyalara əsaslanan dayanıqlı kənd təsərrüfatı sistemi qurmaqdır. Təbii ki, biz bu işləri siz – iş adamları ilə birgə görmək niyyətindəyik və buna görə sizi Qarabağ və Şərqi Zəngəzurda investisiya imkanları ilə yaxından tanış olmağa dəvət edirəm. Gözləntimiz odur ki, türk birliyindən olan iş adamları sıx əməkdaşlıq quraraq ölkələrimizin sahib olduğu ən yaxşı təcrübə və texnologiyaları işğaldan azad olunmuş ərazilərdə tətbiq etsinlər", - deyə nazir əlavə edib.

YUXARI