ELM VƏ TƏHSİL31.3.2023 12:54

Tarix və Coğrafiya fakültəsində 31 mart soyqırımı yad edildi

3348

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsinin təşəbbüsü ilə 31 mart azərbaycanlıların soyqırımı günü münasibətilə "31 mart soyqırımı: Cənubi Qafqazda etnik-milli münaqişələr, erməni məsələsi və onun tarixi kökləri" adlı tədbir keçirilib. Tədbirdə Bakı Dövlət Universitetinin dosenti, t.ü.f.d. Boran Əziz, ADPU-nun "Azərbaycan Tarixi" kafedrasının müəllimi t.ü.f.d. Eldar Hacıyev, ADPU Tarix və Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri, t.ü.f.d Taleh Cəfərov və tələbələr iştirak ediblər.

Tədbir şəhidlərin əziz xatirəsinə hörmət və ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla başlayıb. Giriş nitqi söyləyən Taleh Cəfərov qonaqları və tələbələri salamlayaraq soyqırım tariximizin gənclərə dərindən öyrədilməsinin əhəmiyyətini vurğulamış və düşmənlərimiz tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən söz açmışdır.

Sonra söz məruzəçi Boran Əzizə verilib. Tarixçi alim gənc tələbə auditoriyasına 31 mart soyqırımı haqqında arxiv sənədləri, cümhuriyyət qurucularının zamanında yazdıqları materiallar əsasında tutarlı məlumatlar verib. O, 1918-ci ildə baş verən hadisələrin ermənilər və bolşeviklər tərəfindən xüsusi amansızlıqla həyata keçirildiyini qeyd edərək sonrakı illərdə də soyqırımın davam etdirildiyini vurğulayıb.

Tədbirin gedişində soyqırım tarixinə həsr olunmuş videoçarx nümayiş olunub.

Daha sonra söz ikinci məruzəçi Eldar Hacıyevə verilib. O, Çar Rusiyası və SSRİ dövründə cəmiyyətdəki sinfi ziddiyətlərə diqqət çəkərək erməni və rusların azərbaycanlılara qarşı daim aqressiv yanaşdıqlarını bildirib. Tarixçi müxtəlif dövrlərdə Azərbaycan tarixində baş verən taleyüklü hadisələrin təsadüfdən deyil zərurətdən doğduğunu qeyd edib və mövcud faktların gənclər tərəfindən reallıqlara əsasən, tarixi təfəkkürə söykənməklə təhlil olunmasının vacibliyini vurğulayıb.

Sonra söz ADPU-nun tələbəsi, ictimai-siyasi fəal Anar Salehoğluna verilib. Gənc fəal bildirib ki, tarixçilər tərəfindən səsləndirilən fikirlər və faktlar Azərbaycan gəncliyi üçün xüsusi əhəmiyyətə malikdir. Çünki, bunlar tariximizin mürəkkəb mərhələsini xarakterizə edir. O, XIX və XX əsrlərdə Azərbaycan xalqının milli azadlıq, müstəqillik uğrunda uzun müddət qanlı mübarizələr apardığını və məqsədlərinə nail olduğunu deyib.

Sonda tələbələrin sualları cavablandırıb və yekun müzakirələr aparılıb.

YUXARI