MƏDƏNİYYƏT17.3.2023 16:00

Tarix Muzeyinin çay dəsgahı kolleksiyasına həsr olunmuş kitab-albom işıq üzü görüb

781

Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında “Çay dəsgahı” adlı yeni kitab-albomu işıq üzü görüb.

Kitabın elmi redaktoru muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, elmi məsləhətçi t.ü.f.d., dosent Gülzadə Abdulova, müəllif Fatma Qəniyevadır.

Kitab-albomda Azərbaycan xalqının məişət həyatında mühüm rol oynayan çay mədəniyyəti, o cümlədən XIX-XX əsrin əvvəllərinə aid sənətkarlıq nümunələri elmi-nəzəri baxımdan təqdim olunur. Yeni nəşrdə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında mühafizə olunan 200-ə yaxın maddi-mədəniyyət nümunəsi xüsusi təsnifat üzrə qruplaşdırılıb. Bu təsnifata əsasən metal əşyalar, çini məmulat, tikmə nümunələrindən süfrələr, fərqli tərtibat və təyinata malik qablar əhatəli şəkildə araşdırılıb. Həmçinin kitabda ilk dəfə olaraq, samovarların, çayniklərin, çini qabların istehsal olunduğu fabriklər və onların möhürləri haqqında məlumat verilib.

Eyni zamanda, kitab-albomda muzeyin fondlarında mühafizə olunan müxtəlif tanınmış şəxsiyyətlərə - Azərbaycanın bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın, yazıçı-dramaturq M.F.Axundzadənin, yazıçı və maarif xadimi Rəşid bəy Əfəndiyevin ailələrinə, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anası Şirin xanıma, xalçaçı-rəssam Lətif Kərimova, AMEA-nın müxbir üzvü Xudu Məmmədova, Bakının nüfuzlu ziyalılarından olan Ağaşərif Aşurbəyova məxsus olmuş çay mərasiminin təşkilində istifadə edilən müxtəlif məişət əşyaları haqqında da geniş məlumat verilib.

Qeyd edək ki, muzeyin yeni tərtibatda olan bu nəşri Azərbaycan maddi-mədəniyyətini tədqiq edənlər, həmçinin geniş oxucu kütləsi üçün də mühüm əhəmiyyət kəsb edir.

YUXARI