MƏDƏNİYYƏT9.1.2022 16:47

Şuşanın Azərbaycanın əbədi və əzəli şəhəri olduğu “Şuşa İli”ndə bir daha dünyaya bəyan ediləcək

2046

Dövlətimizin başçısı İlham Əliyevin ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında imzaladığı müvafiq Sərəncamı xalqımız tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb. Belə bir tarixi sənədin sevinclə qarşılanması Qarabağın bu tarixi məkanına olan sevgidən, bu şəhərə müqəddəs münasibətdən irəli gəlib. Bu həssas, bu duyğulu hisslər Şuşa işğaldan azad edilən gün möhtərəm Prezidentimizin xalqımıza çatdırdığı müjdə zamanı da heç kimin yadından çıxmayıb. Bütün Azərbaycan həmin gün qeyri-adi bir coşqu yaşayırdı, bir sevinc-şadlıq içində idi. Bu, təsadüfi deyildi. Çünki Azərbaycanın tacı, mədəniyyət paytaxtı adlandırılan bu qala şəhəri hər birimiz üçün hər zaman müqəddəs və əziz məkan kimi sevilib. Xalqımız 30 ilə yaxın bir zaman ərzində işğal altında saxlanılan bütün yurd yerlərimizi, o cümlədən də Şuşanı unutmayıb, Şuşanı qibləgah kimi varlığında yaşadıb. Uzun illər bu şəhərin həsrətinə dözə-dözə onun xilasına, geri qaytarılacağına inanıb, ümidini itirməyib. İnsanlarımızda bu əminliyi möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız və ildən-ilə qüdrətlənən Ordumuzun gücü, əsgər və zabitlərimizin vətənpərvərliyi şərtləndirib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.

O, daha sonra bildirib: “Fikrimcə, “Şuşa İli”ndə bu şəhəri görmək istəyən, bu şəhərin azad olunması zamanı hərbçilərimizin yalın əllə dırmaşdıqları sıldırım qayalıqlara tamaşa etmək arzusunda olan xarici vətəndaşların səyahətləri daha da gurlaşacaq. Şübhə etmirəm ki, “Şuşa İli”ndə uzaq-uzaq diyarlardan gəlib Şuşanın mədəni irsini, mədəni kimliyini dərindən öyrənərək, onun Azərbaycanın ayrılmaz bir parçası olduğunu yenidən dünyaya tanıtdıranların sayı-hesabı olmayacaq. Bir də Azərbaycanın qəsbkarlardan azad edilən kənd və şəhərlərindən keçib Şuşaya gələn hər bir əcnəbi yol boyunca, eləcə də mədəniyyət paytaxtımızın özündə erməni vəhşiliyinin, barbarlığının canlı şahidi olacaq, möhtərəm dövlət başçımızın vurğuladığı kimi, bizim kiminlə qonşu olduğumuzu, kiminlə savaş aparıb parlaq, tarixdə görünməyən qələbə əldə etdiyimizi biləcək, geri qayıdarkən isə bu torpaqların hər addımında, hər qarışında Azərbaycanın zəfər tarixinin izlərinin yaşadığına əminliyini ifadə edəcək.

Bəli, Şuşa - bu əzəmətli qala şəhəri tarixin bütün mərhələlərində ağır sınaqlarla üzləşib, yadellilər gözlərini buradan çəkməyiblər, buranı işğal etməyə, özününküləşdirməyə cəhd göstəriblər. Bu müqəddəs məkanda vəhşiliklər, barbarlıqlar törədiblər, amma heç vaxt, heç vədə istəklərinə nail ola bilməyiblər. Yurdu, od-ocağı, torpağı qədirbilənliklə sevən xalqımız düşmən qarşısından qaçmayıb, əyilməyib, canı-qanı bahasına Vətənin xilasına nail ola bilib. İkinci Qarabağ müharibəsində Şuşanın yağı tapdağından xilası zamanı ordumuzun şücaəti də bunun təsdiqinə çevrilib”.

Emin Bağırov əlavə edib ki, indi o zirvəyə güllə yağışı altında sıldırım qayalarla, keçilməz dağ cığırları ilə qalxıb Şuşanı azad edən hərbçilərimizin döyüş yolu yaxın-uzaq ölkələrdə öyrənilir, dillərdə əfsanə kimi dolaşır, silahlı qüvvələrinin güc-qüdrəti ilə öyünən ölkələrin hərbi ekspertləri, mütəxəssisləri tərəfindən təəccüblə, maraqla qarşılanır. Bəli, Şuşa inanılmaz, ağla, şüura sığmayan bir qəhrəmanlıqla, bir igidliklə erməni faşizminin caynağından qoparılıb. Bax, necə deyərlər, ölümün gözünə dik baxaraq, düşmən üzərinə tank-topla deyil, süngü-bıçaqla atılan əsgər və zabitlərimizin bu mərdliyini, bu qorxmazlığını Vətən sevgisi, doğma torpaq müqəddəsliyi şərtləndirib.

Emin Bağırov söhbətini yekunlaşdıraraq, bildirib ki, Şuşanın işğalından dərhal sonra bu şəhərdə başlanan tikinti-quruculuq işləri hansı sürətlə aparılıbsa, bundan sonra da - “Şuşa İli”ndə də o ahənglə, hətta bir qədər də yüksək templə davam edəcək. Şübhə etmirəm ki, qədim mədəniyyət paytaxtımızın xilası şərəfinə salınan yeni “Zəfər yolu” ilə bu şəhərin doğma sakinləri də geri qayıdıb doğma ocaqlarını da isidəcəklər. Bir il bundan əvvəl 30 illik həsrətlərinə son qoyulan bu insanlar Şuşaya daha böyük məhəbbətlə, sevgi ilə bağlanacaqlar və bu yerin dirçəlişinə, tərəqqisinə öz töhfələrini verəcəklər. Şuşa uğrunda mərdliklə, qəhrəmanlıqla döyüşərək şəhidlik məqamına ucalan şəhidlərimizin ruhu dinclik tapacaq, qazilərimiz, hərbçilərimiz isə bu müqəddəs şəhərlə daim nəfəs alacaqlar, bu torpağın hər qarışı, hər parçası uğrunda göstərdikləri şücaətlə fəxr edəcəklər.

YUXARI