MƏDƏNİYYƏT13.8.2022 11:30

“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir

537

"Şuşa İli" elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir. Muzeydən bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Məşədi Hüseyn Mirsəyyaf oğlunun karvansarasına həsr olunur.

Mehmanxana tipli bu karvansara Şuşanın "Şeytan Bazar" adlanan hissəsində yerləşirdi və iki mərtəbədən ibarət idi. XIX əsrin ikinci yarısında (1888–1889) Məşədi Hüseyn Mirsəyyaf oğlu Hacı Əmiraslan bəyin karvansarasını alandan sonra onu sökərək yerində təzəsini inşa etdirmişdi. Ona görə bu tikili xalq arasında “Mirsəyyaf oğlunun karvansarası” kimi tanınmışdı. Yeni tələblərə cavab verən bu möhtəşəm binanın memarı Kərbəlayi Səfixan Qarabaği olmuşdu.

Mövcudluğunun ilk günlərindən bu gözəl bina Şuşada ən çox qonağı olan karvansaraya çevrilmişdi. Məşədi Hüseyn vəfat edəndən sonra oğlanları Qəhrəman və Məşədi Şükür buranı şərikli işlətməyə başlayırlar.

Bu karvansara istər böyüklüyünə, istərsə də memarlıq üslubuna görə, şəhərdəki digər karvansaralardan seçilirdi. İkimərtəbəli daş binanın birinci mərtəbəsində 20-yə qədər çəkməçi, dərzi, papaqçı, nalbənd və s. dükanlar, bir neçə ticarət dükanı, dini ayinləri icra etmək üçün məscid yerləşirdi. İkinci mərtəbədə isə tacirlərin, səyyahların, ümumiyyətlə şəhərin qonaqlarının dincəlməsi üçün 25 otaq var idi. Karvansara öz gözəl xidməti ilə tacirləri və səyyahları cəlb edirdi. Ən yaxşı Avropa mehmanxanalarında olduğu kimi qonaqlara dərzilər, papaqçılar, bərbərlər və çəkməçilər xidmət göstərirdi. Karvansara vəqf mülkiyyətinə daxil idi. Onun kitabəsindəki vəqfnaməni Əli Hacı Abbasoğlu yazmışdı. Vəqfnamənin vəqfi dörd parça əhəng daşı üzərində fars dilində nəstəliq xətlə qabarıq surətdə həkk olunmuşdu.

Sovet dövründə Məşədi Şükür Mirsəyyaf oğlunun karvansarası ticarət kompleksinə çevrilmişdi. Burada örtülü şəhər bazarı fəaliyyət göstərirdi.

YUXARI