CƏMİYYƏT18.5.2022 12:52

Sumqayıtda şəhid Elnur Allahverdizadəyə həsr olunan “25” adlı fotosərgi açılıb

68

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Sumqayıt Dövlət Rəsm Qalereyasında Vətən müharibəsi şəhidi Elnur Allahverdizadəyə həsr olunan “25” adlı fotosərgi keçirilib. Tədbir Azərbaycan Fotoqraflar Birliyi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə “Biz sizə borcluyuq” layihəsi çərçivəsində reallaşıb. Sərgidə şəhidin 25 yaşına həsr olunan 25 “street” janrında çəkdiyi fotolar nümayiş olunub.

Sərgidə əvvəlcə Dövlət himni səsləndirilib, Vətən uğrunda şəhid olan igid qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Sumqayıt şəhər 9, 12 və 41 nömrəli tam orta məktəblərin kollektivləri, şəhidin ailə üzvləri və şəhər ictimaiyyəti iştirak edib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə, Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu və digərləri 44 günlük müharibədə qazanılan uğurlardan, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətindən, Ordumuzun qüdrətindən, şəhidlik məqamının ucalığından danışıblar.

Sonda şəhidin anası Süsən xanım şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

Sərgidə təqdim olunan fotolar böyük maraqla qarşılanıb.

YUXARI