Sözdən işə keçməyin zamanıdır, investorların Azərbaycana cəlbi üçün müvafiq işlər davam etdirilir.
Bu barədə Trend-in suallarını cavablayarkən MÜSİAD Azərbaycanın rəhbəri Rəşad Cabirli bildirib.
“Azərbaycanda biznes forumlarının keçirilməsi ənənəvi hal alıb. Qarabağ zəfərindən sonra forumların keçirilərək Azərbaycana investorların cəlb olunması xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən Qarabağ regionunun bərpası və inkişafına həsr edilən Qarabağ Biznes Forumu çox mühüm hadisədir”-deyə R.Cabirli bildirib.
O qeyd edib ki, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) olaraq investorların cəlb edilməsi istiqamətində müfvafiq işlər planlaşdırırlar:
"Daha öncə bu cür fəaliyyətlər həyata keçirmişik. İl ərzində isə sahəvi görüşlər keçirməyi planlaşdırırıq. Burada əsas məqsəd Azərbaycana investisiyaların cəlb olunmasıdır. Azərbaycan-Türkiyə arasında və digər türk dövlətləri ilə ticarət dövriyyəsini və qarşılıqlı investisiyaları artımaq əsas məqsədlərimizdəndir", - MÜSİAD Azərbaycanın rəhbəri deyib.
R.Cabirli onu da əlavə edib ki, bu gün Türkiyə Azərbaycan qardaşlığı bütün istiqamətlərdə inkişaf edib və bunun sübuta ehtiyacı yoxdur.
“Ticarət sahəsində də əlaqələrimiz daha da genişlənməlidir. Şuşa bəyannaməsində qeyd olunduğu kimi,
Azərbaycan və Türkuiyə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, eləcə də perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişaf etdirilməsi istiqamətində səylərini artıracaqlar. Bu bizim hədəfimizidir”-deyə R.Cabirli qeyd edib.
Onun sözlərinə görə, bu məqsədlə 2-5 noyabr tarixində Türkiyədə növbəti MÜSİAD EXPO sərgisinin keçirilməsi planlaşdırılır:
"Bu sərgidə Azərbaycanın ixrac potensialı olan şirkətlərinin iştirakı üçün KOBİA tərəfindən pavilyon götürülüb. MÜSİAD Azərbaycan olaraq biz də üzvlərimizin iştirakını təmin edəcəyik. Növbəti illərdə də ixracın artılması, mövcud investisiyaların ölkəyə cəlb olunmasını daha çox təşviq etmək planlarımız var. Bundan sonrakı mərhələdə əsas hədəfimiz sektorlar üzrə görüşlərin keçirilməsidir, çünki bu kimi görüşlər daha məhsuldar və effektli olur. Yaxın zamanda Özbəkistanda keçiriləcək tekstil sərgisini də ziyarət etmək və bu çərçivədə Özbəkistanın ticarət palatası və aidiyyəti qurumları ilə görüşərək, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətimiz var", - deyə R.Cabirli bildirib.