ELM VƏ TƏHSİL13.8.2022 11:47

Sabah yüksək texniki peşə təhsili səviyyəsi üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin I mərhələsi başa çatır

744

Peşə təhsili müəssisələrinə yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisi aparacaq müəllimlərin işə qəbulu müsabiqəsinin I mərhələsi – elektron müraciət başa çatır.

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, avqustun 14-dək davam edəcək I mərhələ zamanı namizədlərin “Müraciət forması”nı bölmələr üzrə tam doldurması tələb olunur. Müraciət zamanı hər namizədə yalnız bir şəhər üzrə ən çoxu 2 vakansiya seçmək hüququ verilir.

Qeyd edək ki, yüksək texniki peşə təhsili səviyyəsi üçün peşəkar müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə, Qəbələ və Cəlilabad şəhərləri üzrə aparılacaq. Müsabiqəyə ümumilikdə 5 şəhər üzrə 35 vakant yer çıxarılıb.

Peşə təhsili müəssisələrinə sözügedən təhsil səviyyəsi üzrə müəllimlərin işə qəbulu 2 mərhələdən ibarətdir: elektron müraciət mərhələsi və müsahibə mərhələsi. Müsahibə mərhələsinə keçid alan uğurlu namizədlərlə anketdə qeyd edilən elektron poçt ünvanı vasitəsilə müraciət müddəti bitdikdən sonra 10 gün ərzində əlaqə saxlanılacaq. Seçim zamanı müvafiq ixtisas üzrə təhsil və iş təcrübəsinə, təhsil müəssisəsində tədris təcrübəsinə, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcək.

İşə qəbul müsabiqəsində uğur qazanacaq namizədlər aşağıda qeyd olunan üstünlüklərdən faydalana biləcəklər:

- Müasir infrastruktura malik təhsil müəssisələrində işləmək imkanı;

- Yerli və beynəlxalq təlimlərdə iştirak;

- Rəqabətli əməkhaqqı;

- Daimi və ya saat hesabı tədrisə cəlb imkanı.

Elan edilmiş vakant yerlər yüksək texniki peşə təhsili səviyyəsinin tədris olunacağı Sənaye və İnnovasiyalar üzrə, Mədəniyyət və Sənətkarlıq üzrə, Turizm və Sosial Xidmətlər üzrə Bakı dövlət peşə təhsil mərkəzləri, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi və Bərdə Peşə Liseyində yer alır.

YUXARI