XƏBƏRLƏR18.9.2023 17:45

Rusiya Laçın yolu ilə Ağdam-Xankəndi marşrutunun eyni vaxtda açılmasını müsbət qiymətləndirib

2668

Rusiya Laçın yolu ilə Ağdam-Xankəndi marşrutunun eyni vaxtda açılmasını müsbət qiymətləndirib. Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova özünün "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, ərzaq yüklərinin maneəsiz və mütəmadi keçidini təmin etmək lazımdır.

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bakı ilə Qarabağın erməni azlığının nümayəndələri arasında dialoqun başlayacağına, eləcə də 2020-2022-ci illər ərzində Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair yüksək səviyyədə üçtərəfli razılaşmaların bərpa olunacağına ümid etdiyini bildirib.

"Cənubi Qafqazda sülhün və sabitliyin dəstəklənməsində bütünlüklə maraqlıyıq", - o yazıb.

Qeyd edək ki, Qarabağa yüklərin çatdırılması üçün Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolundan da istifadə edilməsi barədə razılıq əldə olunub.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında yüklərin Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolu vasitəsilə də çatdırılması razılaşdırılıb.

Yüklər Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları ilə daşınacaq. Beləliklə, BQXK bu gün həm Laçın-Xankəndi, həm də Ağdam-Xankəndi yollarından istifadə etməklə Qarabağda yaşayan erməniəsilli sakinlərə yük daşıyacaq.

Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus yük maşınları Ağdam-Xankəndi yolu ilə paralel, "Laçın" sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçib. "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçən yük maşınlarında yoxlama aparıldıqdan sonra onların sərbəst keçidi təmin edilib.

YUXARI