Niderland Krallığının Rotterdam şəhərində fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) qərargahında “Natəvan” poeziya klubunun ilk məclisi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirə Niderland Krallığında yaşayan azərbaycanlı və türk qadınlar qatılıblar.
Xurşidbanu Natəvanın qəzəlləri ilə başlayan məclisdə çıxış edən Azərbaycanın Niderlanddakı səfirliyinin konsulu Səbinə Sadıqlı belə tədbirlərin xaricdə yaşayan soydaşlarımızı birləşdirməkdə böyük rol oynadığını bildirib. Qeyd edilib ki, belə klublar Vətəndən uzaqda yaşayan Azərbaycan əsilli qadınların ictimai həyatında vacib amillərdəndir.
Klubun təşkilatçısı və rəhbəri, BAK-ın sədr müavini Sima Cəfərli Vətəndən uzaqda yaşayan soydaşlarımızın belə klub və tədbirlərdə bir araya gəlməsinin əhəmiyyətini vurğulayıb. Tədbirə canlı bağlantı ilə qoşulan Birinci Qarabağ müharibəsi qazisi, “Miqrasiya prosesləri” ictimai birliyinin rəhbəri Fəridə Hicran Xurşidbanu Natəvanın həyat və yaradıcılığından söz açıb. O, X. Natəvanın Qarabağ elinə, Azərbaycan poeziyasına və ictimai həyatına verdiyi töhfələrdən danışıb.
Tədbirdə xan qızı Xurşidbanu Natəvanın qəzəllərinə yazılmış mahnılar səsləndirilib, onun müəllimi Qasım bəy Zakirlə məktublarından parçalar oxunub. Peterburq şəhərində yaşayan və “Xan qızı” Azərbaycanlı Qadınlar Assosiasiyasının rəhbəri Könül Abbasova canlı bağlantı ilə Natəvanla bağlı fikirlərini söyləyib.
Tədbirdə iştirak edən Azərbaycan Yazıçılar İttifaqının üzvü, sair publisist Lətifə Nuran öz şerlərindən bir neçəsini səsləndirib.
Tədbir çərçivəsində rəssam Vəfa Rüstəmovanın Natəvana həsr etdiyi rəsmləri, eləcə də keramik qablar üzərində işlədiyi əsərləri sərgilənib. O, Xurşidbanu Natəvanın əsərlərinin onun yaradıcılığına güclü təsiri olduğunu bildirib. Milli ornament və naxışlarla bəzədilmiş əl işləri maraqla qarşılanıb.
Həmçinin Rotterdamda yaşayan Vəfa Kənanqızının əl işlərinin videoçarxı nümayiş olunub.
Tədbir iştirakçıları “Natəvan” poeziya klubunun perspektivlərini müzakirə edərək, gələcək layihələrlə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə Təhminə Günəş milli rəqslərimizi təqdim edib, Nigar Cəfərli Azərbaycan mahnılarını səsləndirib.