Qubada Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və “Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə “Qlobal iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və uyğunlaşdırılması vasitəsilə Davamlı kənd təsərrüfatı istehsalının təmin edilməsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransda Azərbaycan, Türkiyə, Xorvatiya, Rusiya, Belarus və Ukraynadan müvafiq sahələrdə fəaliyyət göstərən alim və mütəxəssislər iştirak ediblər.
Konfransın əsas məqsədi maraqlı tərəfləri bir araya toplayaraq iqlim dəyişikliklərinin kənd təsərrüfatının meyvəçilik və tərəvəzçilik sahələrinə olan mənfi təsirlərinin azaldılması və mövcud vəziyyətə uyğunlaşma yollarının araşdırılması istiqamətində bilik və təcrübələr mübadiləsindən ibarət olub. Bundan başqa, təşkilatçı institutlar ilə (Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu; “Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” PHŞ) müxtəlif ölkələrin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müvafiq müəssisələr arasında əməkdaşlıq əlaqələrinin qurulması, mövcud əlaqələrin daha da gücləndirilməsi, birgə həyata keçirilə biləcək elmi-tədqiqat layihələrinin müzakirəsi də konfransın keçirilməsində prioritet məsələlərdəndir. Konfransda çıxış edən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı bildirib ki, qlobal iqlim dəyişikliyi meyvəçilik sahəsinə də öz təsirini göstərməyə başlayıb. Bu təsirlərin azaldılması və uyğunlaşdırılması hazırda qarşıda duran əsas vəzifələrdən biridir. “Azərbaycanın aqrar iqtisadiyyatında meyvəçilik önəmli sahədir və son dövrlərdə yüksək sürətlə inkişaf edir. Hazırda Azərbaycan meyvəçiliyi inkişaf etmiş ölkələrin meyvəçiliyi ilə müqayisə oluna bilər və əsas hədəfimiz bazarın tələblərinə uyğun, xəstəlik və zərərvericilərə qarşı davamlı və yüksək keyfiyyətli meyvə istehsalını artırmaqdır”, - deyə İ.Qaraqurbanlı diqqətə çatdırıb.
“Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” publik hüquqi şəxsin İdarə heyətinin direktoru Elmar Allahverdiyev qlobal iqlim dəyişikliklərinin təsirlərinin azaldılması məqsədilə elmi-tədqiqat işlərinin aparılmasında yeni yanaşmaların tətbiq edilməyə başlanıldığını vurğulayıb. Əlavə edib ki, ənənəvi yetişdirmə üsullarından daha sürətli və effektiv olan genom məlumatlarından və molekulyar markerlərdən istifadə etməklə patogenlərə qarşı güclü müdafiə mexanizmləri inkişaf etdirilir. “Zaman keçdikcə həşəratlara, virus, bakteriya və göbələklərə, abiotik stress şəraitinə qarşı davamlı, vahid sahədə yüksək məhsul verən keyfiyyətli genotiplərin əldə edilməsi ənənəvi metodlardan daha az istifadə olunmasına gətirib çıxaracaq”.
Konfransda çıxış edənlər bildiriblər ki, bu işlərin davamlılığı üçün yetişdirilən sortların keyfiyyəti artırılmalı, yüksək əlavə dəyəri olan məhsullar becərmə sistemlərinə daxil edilməlidir. Yeni tətbiqlərin mövcud bitki fiziologiyasına təsiri yaxşı təhlil edilməli və innovasiyalara uyğunlaşarkən bitki müxtəlifliyi də qorunub saxlanılmalıdır. Bitki fiziologiyasında baş verən xəstəlik və zərərvericilərin zərərini azaltmağa və hətta aradan qardırmağa yönəlmiş tədqiqatların aparılması da çox vacibdir. Dünyada və respublikada mövcud su ehtiyatlarının sürətlə azalması kənd təsərrüfatında müasir suvarma sistemlərindən istifadənin geniş tətbiqini zərurətə çevirib.
Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin (PHŞ) İdarə Heyətinin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova bildirib ki, hazırda iqlim dəyişmələri dünyanı narahat edən qlobal problemlərdən biridir.
“İqlim dəyişmələri həm regional həm də qlobal səviyyədə insanların qida təhlükəsizliyini və suya çıxışını məhdudlaşdırır, aclıq, yoxsulluq və digər ağır sosial-iqtisadi nəticələrə, miqrasiyanın güclənməsinə səbəb olur, yoluxucu və xroniki xəstəlikləri artırır. Ölkəmiz qlobal iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə dəstək verir. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası bu il ölkəmizin paytaxtı Bakı şəhərində keçiriləcək. Qlobal iqlim dəyişikliyinin fəsadları ilə mübarizə özündə iqlim dəyişikliyi təsirlərinin azaldılması və ya iqlim dəyişikliyi mitiqasiyası-uyğunlaşmanı nəzərdə tutur.
S.Bağırova deyib ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxs ölkəmizin yaşıl artım üzrə milli proriotetlərinin həyata keçirilməsinə dəstək verir:
“Ötən ilin noyabrın 15-də Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu, Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutu, Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu, Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosu, Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu, Mikrobiologiya İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Radiasiya Problemləri İnstitutu, Meliorasiya Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Texniki Universitetinin Yeni materiallar və nanotexnologiyalar İnstitutu arasında elmi tədqiqatlar üzrə əməkdaşlığa dair memorandum imzalanıb. Əsas məqsədimiz tərəflərin geniş elmi-istehsalat bazasının, təcrübəli ixtisaslı kadrlarının mövcudluğunu nəzərə alaraq, müvafiq sahələrdə bacarıqların inkişaf etdirilməsi istiqamətində birgə layihələr gerçəkləşdirmək, elmi-tədqiqat işlər, layihələr, elmi-praktiki konfrans, təlim və simpoziumlar keçirməkdir.
Müəyyənləşdirilmiş qaydalara uyğun olaraq doktorant və dissertantlara müqavilə imzalayan müəssisələrin bazalarında istehsalat təlimi keçmələrinə şərait yaradılır. Eyni zamanda elmi-texniki potensialın gücləndirilməsi məqsədi ilə digər elm-təhsil müəssisələri ilə əməkdaşlıq edir, müvafiq sahələrdə yeni işgüzar əlaqələrin yaradılması üçün imkanları araşdırır, qarşılıqlı maraq kəsb edən mövzularda konfranslar, seminarlar keçirməyi planlaşdırırıq”.