DÜNYA15.1.2022 09:30

Qırğızıstan parlamenti-Joqorku Keneşin sədri TÜRKPA-nın Baş katibi ilə parlamentlərarası əməkdaşlıq məsələlərini müzakirə edib

85

Qırğızıstan parlamenti-Joqorku Keneşin (JK) sədri Talant Mamıtov bu ölkədə səfərdə olan Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Surayya Erlə görüş keçirib.

AZƏRTAC Qırğızıstan Joqorku Keneşin mətbuat xidmətinə istinadla xəbər verir ki, tərəflər görüşdə Türk dövlətləri arasında əlaqələrin dərinləşdirilməsi, Parlament Assambleyası çərçivəsində parlamentlər arasında əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

Talant Mamıtov Mehmet Surayya Eri TÜRKPA-nın Baş katibi seçilməsi münasibətilə təbrik edib, bu məsul vəzifədə ona uğurlar arzulayıb.

JK-nin sədri ötən il Qırğızıstanda keçirilən parlament seçkiləri haqqında məlumat verib, deyilib ki, JK TÜRKPA çərçivəsində parlamentlərarası əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcək.

Talant Mamıtov bu il Qırğızıstanda TÜRKPA-nın 11-ci plenar iclasının keçirilməsi haqqında məlumat verib, bildirib ki, bu mühün tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün gücümüzü səfərbər edəcəyik.

TÜRKPA-nın Baş katibi vurğulayıb ki, bu il birinci xarici səfərini Qırğızıstandan başlayıb. “Əminəm ki, bundan sonra da yeni seçilən Qırğızıstan parlamenti ilə Türk dövlətlərinin parlamentləri arasında sıx əməkdaşlıq davam edəcək. Biz gələcəkdə də parlamentlərarası əməkdaşlıq çərçivəsində siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələrdə əlaqələri yüksək səviyyəyə qaldırmaq əzmindəyik. Bu işdə sizin dəstəyinizə ehtiyacımız var”, - deyə Mehmet Surayya Er bildirib.

YUXARI