XƏBƏRLƏR24.1.2023 14:00

Qida Təhlükəsizliyi Agentliyi FAO ilə əməkdaşlıq istiqamətlərini açıqlayıb

1521

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) qida təhlükəsizliyinin təmin olunması sahəsində bir sıra birgə layihələr reallaşdırmaqdadır.

Trend-in məlumatına görə, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov FAO-nun Azərbaycandakı fəaliyyətinə həsr olunmuş regional seminar zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə FAO-nun Türkiyə ofisi ilə sıx əməkdaşlıq edir.

"FAO ölkəmizi standartlaşma məsələlərində dəstəkləyir ki, bu da idxal-ixrac əməliyyatlarında zəruridir. Biz həmçinin zərərvericilərə qarşı birgə mübarizə aparır, birgə laboratoriyalar hazırlayır və bir sıra digər layihələr reallaşdırırıq" - o deyib.

Aparat rəhbəri həmçinin, Agentliyin FAO ilə əməkdaşlıq zamanı müvafiq qanunvericilik formalaşdırdığını və bu sayədə Azərbaycanda beynəlxalq standartlara uyğun qida təhlükəsizliyi bazası hazırlamağın mümkün olacağını qeyd edib.

YUXARI