XƏBƏRLƏR2021.09.23 19:45

Qarabağın sürətli bərpası Azərbaycan Prezidentinin möhkəm iradəsini və qurub-yaratmaq əzmini nümayiş etdirir

99

Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik bacarığını, çətin, ağır şəraitdə düzgün qərar vermək istedadını bir daha bütün dünyaya nümayişi etdirdi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin birgə bəyanat imzaladıqları gün dövlətimizin başçısı xalqa müraciətində bildirdi ki, “biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik... Demək olar ki, gündəlik rejimdə, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq”.

Cənab Prezidentin bəyan etdiyi kimi, bu müharibədə qələbəmizin əsasında möhtərəm dövlət başçımızın qətiyyəti, müdrik siyasəti, Silahlı  Qüvvələrimizin güc-qüdrəti nə qədər mühüm əhəmiyyətə malik idisə, xalq-Prezident-ordu vəhdəti, birliyi də bir o qədər önəm daşıyırdı.

Bu sözləri açıqlamasında  AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.

O daha sonra bildirib: “Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaşanan xaos, özbaşınalıq da ermənilərin torpaqlarımızı tapdaq altına salmalarına şərait yaratdı. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarının birində bu barədə danışaraq bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın başında duranlar ordu quruculuğuna fikir vermirdilər, ölkəmizi xaosa, anarxiyaya sürükləyirdilər. O illərdə torpaqlarımız işğal altına düşəndə ovaxtkı hakimiyyət vətəndaş müharibəsi başlamışdı, AXC-Müsavat cütlüyü öz əsgərlərini əsir götürmüşdü, Gəncəni bombalamışdı. Ona görə də erməni təcavüzkarlarına torpaqlarımızı işğal etmək fürsəti yaranmışdı: “Azərbaycan xalqı o mənfur hakimiyyəti bir ildən sonra yox etdi, süpürüb atdı. Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün müsbət meyillər inkişaf etməyə başlamışdır. Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq – müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi...”.

Bəli, belə bir mükəmməl nizami ordunun əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Dövlətimizin başçısı İlham Əliyev isə son 18  ildə bu məsələyə xüsusi önəm verib. Bunun üçün, ilk növbədə, ölkəmizdə milli həmrəylik, xalq-iqtidar birliyi yaradılıb, ciddi kadr islahatı aparılıb, cəmiyyətdə sosial ədaləti gerçəkləşdirmək üçün bir sıra sosial-iqtisadi islahatlar həyata keçirilib. Eyni zamanda, güclü  iqtisadiyyat qurulub, karbohidrogen ehtiyatlarının hasilatı və ixracı istiqamətində mühüm addımlar atılıb.

Emin Bağırov açıqlamasında ölkə Prezidentinin ordu quruculuğunu bütün yuxarıda sadalananlarla paralel apardığını vurğulayıb: “Ona görə də Ali Baş Komandan İlham Əliyev Ermənistana sarsıdıcı hərbi zərbənin vurulmasında vurğulandığı kimi, xalq-iqtidar-ordu amilinin əhəmiyyətini yüksək dəyərləndirib.

Beləliklə, Vətən müharibəsində Qələbəmizin memarı İlham Əliyevin rəhbərliyi ilə 5 min kvadratmetrədək ərazini, 5 rayonu, 2 şəhər tipli qəsəbəni, 300-dək kəndi işğaldan azad edən Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında Ermənistanın işğalçı ordusunu sarsıdaraq, hərbi texnikasının 80 faizini məhv edərək onun saxta “yenilməzlik mifi”ni darmadağın etdi.

Vətən müharibədə Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olduğunu anlayan düşmən məğlubiyyətini etiraf etmək məcburiyyətində qaldı. Nəticədə 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə, Azərbaycan torpaqlarının işğalına son qoydu, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatını şərtləndirdi. Bəyanatın müddəalarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması elan edildi. Ötən il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları mərhələ-mərhələ Azərbaycan Respublikasına qaytarıldı”. 

Emin Bağırovun sözlərinə görə, İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm qələbə  Azərbaycan Prezidenti İlham Əliyevin uzun illər ərzində apardığı xarici və daxili siyasətin, ordu quruculuğu sahəsində fədakar fəaliyyətinin, beynəlxalq aləmdə həyata keçirdiyi uğurlu diplomatiyanın məntiqi nəticəsidir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dönməz iradəsi, müasir silah və sursatla təmin edilmiş Azərbaycan Ordusunun rəşadəti, Azərbaycan xalqının Ali Baş Komandanımız və Ordumuz ətrafında yumruq kimi birləşməsi Azərbaycan xalqına belə bir tarixi qələbə sevincini bəxş edən əsas amil oldu.

Emin Bağırov sonda deyib: “Vətən müharibəsi başa çatandan dərhal sonra düşməndən təmizlənən ərazilərimizin bərpası və yenidən qurulması istiqmətində geniş tədbirlərə start verilib. İşğalçılardan azad edilən rayon və şəhərlərimizin yol-nəqliyyat infrastrukturunun bərpası, elektrik enerjisi, su, rabitə, mavi yanacaq və s. təminatı istiqamətində mühüm layihələrin gerçəkləşdirilməsinə başlanılıb və az bir müddətdə bu sahədə önəmli uğurlar əldə edilib.

Qarabağ və Şərqi Zəngəzurda aparılan tikinti-quruculuq işləri – vandallar tərəfindən yerlə-yeksan ediən şəhər və kəndlərimizin sürətlə bərpası əzəli torpaqlarımıza qayıdışımızı günbəgün yaxınlaşdırmaqla bərabər, eyni zamanda, bütün dünyaya Azərbaycanın qüdrətini, dövlətimizin başçısının möhkəm iradəsini, yüksək idarəçilik məharətini və qurub-yaratmaq əzmini nümayiş etdirir

YUXARI