Biz çalışırıq ki, bütün insanlar eyni hüquqa malik olsunlar. Trend xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı səfiri Victoria Romero Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Qadınların siyasətdə iştirakı üçün Meksika böyük proqramlar hazırladı. Qadınlar birlikdə olduqda əhəmiyyətli işlər ortaya çıxır. Gender bərabərliyinin tanınması çox vacibdir. Dünyada ilk ölkə idik ki, feminist siyasəti önə çəkdik və bir sıra ölkələrə nümunə olduq”,- deyə o bildirib.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.
Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.