ELM VƏ TƏHSİL8.6.2023 17:15

Professor Əjdər İsmayılovun 85 illiyinə həsr olunan elmi sessiya

597

İyunun 8-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli tarixçi, filoloq-türkoloq, filologiya elmləri doktoru, professor Əjdər İsmayılovun 85 illiyinə həsr edilmiş elmi sessiya keçirilib.

Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, sessiyanı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Əjdər İsmayılovun Azərbaycan ədəbiyyatşünaslıq elminə mühüm töhfələr verdiyini bildirib. Onun Hüseyn Cavid haqqında apardığı silsilə tədqiqatlarla Azərbaycan ədəbiyyatının tanınmış simalarından birinə çevrildiyini söyləyib. Diqqətə çatdırıb ki, Əjdər İsmayılov ötən əsrdə Hüseyn Cavidlə bağlı tədqiqatlar apararkən görkəmli ədibə yenicə bəraət verilmişdi və Cavid araşdırmaçıları öz işlərini ehtiyatla görürdülər: “Əjdər İsmayılov isə Cavid sənətinə bağlı olduğu üçün çəkinmədən tədqiqatlarını aparıb, cavidşünaslar arasında öz sözünü deyib. O, təkcə Hüseyn Cavid haqqında tədqiqat aparmayıb, bütövlükdə Cavid uğrunda mübarizə aparıb”.

İ.Həbibbəyli bildirib ki, Əjdər İsmayılovun ədəbiyyatşünaslıq, tarix, dilçilik, türkologiya və digər sahələrdə apardığı bütün tədqiqatlarda vətənpərvərlik, azərbaycançılıq mövqeyi özünü göstərir. Onun “Moisey Xorenatsi anonim keşiş müəllifdir”, “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” əsərləri bu gün Alban ədəbiyyatını, mədəniyyətini, ictimai fikrini öyrənənlər üçün qiymətli mənbələrdir.

Əjdər İsmayılovun ölkəmizin ictimai-siyasi həyatında da yaxından iştirak etdiyini vurğulayan akademik İsa Həbibbəyli onun Heydər Əliyevin ən yaxın silahdaşlarından və məşhur “91-lər”dən olduğunu bildirib. Diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurası yaradılarkən ölkə başçısının etimadı ilə Əjdər İsmayılov şuranın üzvü seçilib.

İsa Həbibbəyli Əjdər İsmayılovun xatirəsinin daim qəlblərdə yaşayacağını söyləyib.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə çıxışında Əjdər İsmayılovu gənclik illərindən tanıdığını və onun daim əhatəsində olan gənclərə dəstək göstərdiyini bildirib. Vurğulayıb ki, professor Əjdər İsmayılovun Vətən qarşısında xidmətləri unudulmazdır.

Sessiyada, həmçinin AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Tahirə Məmməd, yazıçı-publisist Yunus Oğuz və başqaları çıxış edərək alimin ictimai-siyasi fəaliyyətindən, apardığı ədəbi, tarixi, albanşünaslıq, dil, filologiya sahəsindəki tədqiqatlardan danışıblar.

Sonda professor Əjdər İsmayılovun oğlu Cavid İsmayıl çıxış edərək atasının xatirəsini əziz tutduqları üçün tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

YUXARI