Hacıqabul rayonunda polis bir sıra əməliyyatlar keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, rayonunun Nəvahı qəsəbə sakini, əvvəllər müxtəlif cinayət əməllərinə görə yeddi dəfə məhkum olunmuş Vüqar Zeynalov saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun üzərində şəxsi axtarış keçirilən zamanı 1 ədəd atəşə yararlı “AK-74” markalı avtomat, həmin silaha aid 1 ədəd daraq və 12 ədəd patron aşkar edilərək götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya göndərilib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat-axtarış tədbirləri zamanı isə rayon sakini, əvvəllər oğurluq və narkotiklərə görə məhkum olunmuş Niyaməddin Həsənov saxlanılıb. Ondan isə 1 ədəd lüləsi və qundağı kəsilmiş odlu silah aşkarlanaraq götürülüb.
Həmçinin, şöbə əməkdaşlarının müvafiq sənədləri olmayan ov silahlarının aşkarlanması, eləcə də könüllü olaraq təhvil verilməsi ilə istiqamətində apardıqları nəzarət-profilaktiki tədbirlər zamanı ötən həftə ərzində 5 sakindən müvafiq sənədləri olmayan ov silahı aşkarlanıb. 6 sakin isə 1 ədəd qələm silahını və 5 ədəd sənədsiz ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.
Bundan əlavə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çarı ilin yanvar ayında rayon sakini olan bir nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Səxavət Səmədov da saxlanılıb.
Aparılan istintaq hərəkətləri zamanı məlum olub ki, S.Səmədov vətəndaşın etibarından istifadə edərək, onu dövlət qurumlarının birində işlə təmin edəcəyi barədə vədlər verərək zərərçəkənin 9000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Qeyd edilən bütün faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.