XƏBƏRLƏR13.6.2024 13:45

Paşinyan polisin parlament binası qarşısındakı hərəkətlərini düzgün adlandırıb

4354

Ermənistanın baş naziri Nikol Paşinyan polisin parlament binası qarşısındakı hərəkətlərini düzgün adlandırıb.

Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Paşinyan, həmçinin, müxalifəti qanunverici orqana hücum cəhdində ittiham edib.

Qeyd edək ki, Ermənistanda dünən parlament binasının qarşısındakı etiraz aksiyasından sonra 101 vətəndaş tibbi yardım üçün müraciət edib.

Məlumata görə, 85 nəfər artıq xəstəxanadan buraxılıb, 16 nəfər müşahidə altında saxlanılıb. Biləyi zədələnən bir nəfər əməliyyat olunub, pasiyentin vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir

Həmçinin, qeyd edək ki, bu gün səhərdən etiraz aksiyasının iştirakçıları artıq İrəvanda Respublika meydanında, Hökumət Evinin qarısında toplanıb. Ərazidə polis kordonları da var.

Dünən məlum olub ki, İrəvanda polis parlament binası yaxınlığında etirazçılara qarşı səs-küylü qumbaralardan istifadə edir. Etirazçılardan birinin biləyi qopub.

Ermənistanda etirazlar aprelin ortalarından keçirilir. Hərəkat "Vətən naminə Tavuş" adını alıb, etiraz iştirakçıları arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə İrəvana yürüşə başlayıb. Qalstanyan həmçinin müxalifətin Paşinyana qarşı impiçment proseduruna başladığını bildirib.

Paşinyan hələ may ayında kilsəni təsir agenti adlandırıb və yaxın aylarda bu problemi həll edəcəyini bildirib.

YUXARI