CƏMİYYƏT13.8.2022 05:00

Paşayeva Hatayda Şuşa ilə bağlı konfrans keçirdi

241

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyənin Hatay şəhərindəki Mustafa Kamal Universitetində 2023-cü il Türk dünyasının Mədəniyyət paytaxtı Şuşa ilə bağlı konfrans verib. Axar.az xəbər verir ki, Q.Paşayeva çıxışına Şuşa uğrunda canlarını fəda edənləri anmaqla başlayıb.

“Bu gün Şuşada Azərbaycan və Türkiyə bayraqları qoşa dalğalanır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək, “Bu bizim Türkiyə ilə ortaq zəfərimizdir”. Bu tribunadan bir daha, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə dövlətinə, türk xalqına könül dolusu minnətdarlığımızı yetiririk: 44 günlük Azərbaycan Vətən müharibəsinin ilk günlərindən sonunadək Türkiyənin bizə göstərmiş olduğu mənəvi, siyasi, diplomatik və informasiya dəstəyi əvəzsizdir. Çox şadıq ki, ötən il dövlət başçılarımız dostluq, qardaşlıq və qonşuluğumuzu müttəfiqlik münasibətləri haqqında strateji Şuşa Bəyannaməsi ilə taclandırdı. Şuşa Bəyannaməsi iki qardaş ölkənin tarixinə, əziz Şuşamıza, 44 günlük müharibədəki tarixi Zəfərimizə çox yaraşan hadisədir”, - millət vəkili qeyd edib.

Q.Paşayeva Şuşadakı quruculuq işlərindən, bu şəhərdə keçirilən festivallardan, beynəlxalq tədbirlərdən, bu şəhərdə doğulub-böyümüş klassiklərimizdən bəhs edib.

Qeyd edək ki, tədbirdə Hatay Böyükşəhər Bələdiyyəsinin başqanı Lütfü Savaş, Hatay Mustafa Kamal Universitetinin rektoru Həsən Qaya, Niğde Ömər Xalisdəmir Universitetinin rektoru Həsən Uslu, Qafqaz Universitetləri Birliyinin başqanı Ramazan Qorxmaz, “Unity Company” şirkətinin direktoru Fikrət Əliyev və b. iştirak edib.

Q.Paşayeva və Azərbaycan nümayəndə heyəti üzvləri türk dünyasının fərqli bölgələrini təmsil edən aydınlara Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

YUXARI