ELM VƏ TƏHSİL1.2.2023 15:29

Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması Ulu Öndərin adı ilə bağlıdır

533

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 2 Fevral – Gənclər Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib.

Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva 1997-ci ildən etibarən 2 Fevralın ölkəmizdə Gənclər Günü kimi qeyd olunduğunu, ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. Qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin daim gənc nəslin inkişafına qayğı göstərib, Ulu Öndər ölkənin inkişafını birbaşa gənclərin hərtərəfli inkişafı ilə bağlayırdı və gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin prioritet vəzifəsi səviyyəsinə yüksəltmişdi. G.Baxşəliyeva dövlətin gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qaldırıldığını deyib, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin nəticəsində bu gün vətənpərvər, milli-mənəvi dəyərlərə, Heydər Əliyev ideyalarına sadiq gəncliyin formalaşdırıldığını vurğulayıb.

Tədbirdə akademik G.Baxşəliyeva elmi və ictimai həyatında səmərəli fəaliyyətlərinə görə gənc əməkdaşlar Aygül Mirzəyevaya və İbrahim Bağırova Şərqşünaslıq İnstitutunun fəxri fərmanlarını təqdim edib.

Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, institutun Din və ictimai fikir şöbəsinin müdiri vəzifəsini icra edən, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu, Ümummilli Liderin prezidentliyi dövründə ölkə gənclərinin onun diqqət və qayğısını daim öz üzrlərində hiss etdiklərini deyib.

1996-cı il fevralın 2-də məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumunun keçirildiyini xatırladan Elnur Mustafayev Azərbaycanda uğurlu dövlət gənclər siyasətinin həyata keçirildiyini, hazırda 2015-2025-ci illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyasının uğurla icra olunduğunu vurğulayıb. O, bu gün Azərbaycanda həm mənəvi, həm də fiziki cəhətdən sağlam gənclərin yetişdiyini, onların elm, mədəniyyət, səhiyyə, sənaye, idman və digər sahələrdə uğurlu nailiyyətlər əldə etdiyini bildirib.

İnstitutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi tarix üzrə fəlsəfə doktoru Bəşarət Bəşirova çıxış edərək Ulu Öndər Heydər Əliyevin gənclərə qayğısından, gənclərin ölkəmizin ictimai-siyasi həyatında, elmimizdə səmərəli rolundan danışıb.

YUXARI