KRİMİNAL27.5.2022 17:20

Nəsimi rayonunda obyektdən oğurluq edən şəxs mühafizə polisləri tərəfindən saxlanılıb

2451

Paytaxtın Nəsimi rayonunda yerləşən obyektlərdən birinin mis naqillərini kəsərək oğurlayan şəxs mühafizə polisləri tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, rayon ərazisində yerləşən xüsusi texniki vasitələrlə qorunan həmin obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları hadisəyə dərhal operativ reaksiya göstəriblər. Əraziyə gələn polislər obyektə baxış keçirən zaman bir nəfərin elektrik naqillərini kəsərək oğurlayıb qaçmasının şahidi olublar. Polislərin çevikliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Asif Əbdürrəhmanov saxlanılaraq ərazi üzrə 19-cu polis şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Həmin şəxsin paytaxt ərazisində digər oxşar cinayətlər törədib-törətmədiyi araşdırmaların yekunundan sonra məlum olacaq.

Qeyd edək ki, bu ilin beş ayı ərzində rayon ərazisində mühafizə olunan müxtəlif obyektlərdən ümumilikdə 8 oğurluğa cəhd edilib. Bu cəhdlərin qarşısı Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən vaxtında alınıb. Həmin hadisələr üzrə və ümumən ictimai asayışı pozan 12 nəfər saxlanılaraq ərazi üzrə polis şöbə və bölmələrinə təhvil verilib. Bundan başqa, hesabat dövründə Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində 1 nəfərin intihar etmək cəhdinin qarşısı alınıb.

 

YUXARI