MƏDƏNİYYƏT5.6.2023 16:30

Musiqi sənəti istiqamətini seçən abituriyentlər nələrə diqqət etməlidir

1943

Abituriyentlər musiqi sənəti istiqaməti üzrə əvvəlcə nəzəri fənlərdən imtahan verəcəklər. Qeydiyyatdan keçərək imtahan komissiyasına uyğun musiqi nəzəriyyəsi və solfecio, harmoniya və solfecio fənlərindən və ya hər ikisindən test imtahanında iştirak edəcəklər. Qeyd olunan fənlər üzrə imtahanlar eyni gündə keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bu imtahanlardan müsbət qiymət almış abituriyent test üsulu ilə keçiriləcək musiqi ədəbiyyatı imtahanından da müsbət qiymət almalıdır ki, ixtisas imtahanında iştirak etsin. Musiqi ədəbiyyatı tələb olunmayan komissiyalarda abituriyent birbaşa ixtisas imtahanına buraxılır.

Nəzəri fənlər üzrə test imtahanlarının nəticələri elan olunduqdan sonra abituriyent müsbət qiymət aldığı nəzəriyyə fənninə uyğun digər komissiyalardan da qeydiyyatdan keçərək ixtisas imtahanlarında iştirak edə bilər.

Musiqi sənəti istiqamətinin komissiyaları üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlər (25, 26, 28, 31(gitara) 95 və 96-ci komissiyalar istisna olmaqla) musiqi təhsili haqqında sənədə malik olmalıdırlar. Musiqi üzrə xaricdə təhsil almış vətəndaşlar DİM-ə müraciət etməlidirlər. Həmin abituriyentlər şəxsiyyəti təsdiq edən sənədi, musiqi təhsili haqqında sənədin əslini, surətini və notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini DİM-ə şəxsən təqdim etməlidirlər.

YUXARI