MƏDƏNİYYƏT13.10.2024 21:00

Milli Xalça Muzeyi növbəti dəyərli sənət nümunəsi ilə zənginləşib

3954

Azərbaycan Milli Xalça Muzeyinin xovlu xalçalar kolleksiyası növbəti dəyərli sənət nümunəsi ilə zənginləşib. Birinci Qarabağ müharibəsi veteranı, polkovnik Ağalar Əliyev XX əsrin əvvəllərinə aid “Balıq” xalçasını muzeyə hədiyyə edib.

A.Əliyev onun 1896-cı ildə dünyaya göz açan nənəsi Xurşud Əliyevanın anadan olması şərəfinə Şuşada toxunduğunu və ailə qurarkən ona cehiz verildiyini bildirdi: “Bu xalça bizə dünyadan köçən doğmalarımızdan yadigar qalan qiymətli, əziz xatirə əşyasıdır. Belə qərara gəldim ki, onun ən etibarlı şəkildə qorunacağı yer bizim ev deyil, məhz Azərbaycan Milli Xalça Muzeyi ola bilər”.

Muzeyin direktoru Əminə Məlikova Ağalar Əliyevə nəcib davranışına görə minnətdarlığını bildirdi. Xalçanın üzərində muzeyin mütəxəssisləri tərəfindən konservasiya işləri aparılacağını və burada yüksək səviyyədə mühafizə olunacağını dedi. Əminə xanım 1967-ci ildə Azərbaycan Milli Xalça Muzeyinin əldə etdiyi ilk eksponatın da məhz “Balıq” xalçası olduğunu xatırladıb.

Sonra Azərbaycan Milli Xalça Muzeyinin elmi katibi Xədicə Əsədova “Balıq” xalçası haqqında məlumat verdi: “Bu Azərbaycanda çox məşhur olan nümunələrdəndir. “Balıq” xalçası Qarabağan bütün xalçatoxuma məntəqələrində toxunsa da, onun əsas istehsal mərkəzi Bərdə şəhəri olub. XX əsrdən isə Şuşada toxunan xalçaların 70 faizini “Balıq” çeşnili xalçalar təşkil edib. Üzərindəki qövs formalı ləçəklərə görə belə bədii quruluşlu xalçalar Cənubi Azərbaycanda “Mahi” (balıq) adlandırılıb”.

YUXARI