ELM VƏ TƏHSİL8.6.2023 16:37

“Mərkəzi Elmi Kitabxana azərbaycanşünaslıqla bağlı zəngin fonda malikdir”

272

Azərbaycanda fəaliyyət göstərən bütün kitabxana sistemləri və şəbəkələrinin fondunda saxlanılan azərbaycanşünaslığa dair qiymətli materiallar xalqımızın və ölkəmizin zəngin irsinin tədqiqində və təbliğində çox mühüm əhəmiyyət kəsb edir. Bu cəhətdən AMEA Mərkəzi Elmi Kitabxanası zəngin fonda malikdir. 

Azərbaycanşünaslığın inkişafı üçün kitabxanada bu istiqamətdə elmi informasiya fəaliyyətinin daha səmərəli və düzgün təşkili vacib faktor hesab olunur. Kitabxanada bu işi Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş şöbəsi həyata keçirir. Bu sözləri kitabxananın Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş şöbəsinin müdiri Aygün Səfərova bildirib. 

O deyib: “Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş şöbəsi – Azərbaycanşünaslıq üzrə sənədlərin toplanması, elmi işlənməsi, ənənəvi və elektron informasiya-axtarış aparatının təşkili və aparılması, Azərbaycanın milli, mədəni, elmi irsinin əsaslı formatda mərkəzləşdirilmiş şəkildə qorunub saxlanılması, Azərbaycan və dünya araşdırmaçılarının istifadəsinə verilməsi, eləcə də gələcək nəsillərə ötürülməsi məqsədi ilə daim yenilənən vahid rəqəmsal bazanın yaradılması işini nəzərdə tutur.

Şöbənin əsas missiyası azərbaycançılıq dünyagörüşünün təbliğatçısı olmaqla yanaşı, azərbaycanşünaslıq elminin, milli-ictimai təfəkkürünün etibarlı və ciddi elmi informasiya bazasının formalaşması, ədəbiyyatların siyahılarının formalaşması və qiymətləndirilməsi, MEK-ə yeni daxil olan ədəbiyyatların MRY-a aid olunması işinin icra edilməsi, Azərbaycana aid qəzet, jurnal məqalələrinin, e-resursların, ardı davam edən nəşrlərdəki müxtəlif dillərdə elmi məqalələrin, həmçinin kitabların  Mərkəzi Elmi Kitabxananın e-kataloquna (İRBİS proqramına) daxil edilməsi, İRBİS proqramından çap olunmuş kartoçkaların kartotekaya yerləşdirilməsi işindən ibarətdir.

 Bu gün Mərkəzi Elmi Kitabxanada özünün yüksək inkişaf mərhələsində olan   azərbaycanşünaslıq üzrə kitabxana-biblioqrafiya və elmi informasiya xidməti sahəsində fəaliyyət azərbaycanşünaslığa dair mövcud sənədlər və informasiya tələbatçıları arasında uyğunluq yaratmaqda və sənəd kommunikasiya sistemində informasiya maneələrinin aradan qaldırılmasında səmərəli vasitədir. Həmin vasitə oxucuların ölkəşünaslıq üzrə informasiya tələbatının təminatına xidmət etməklə ölkəmizdə kitabxana işinin inkişafına da öz layiqli töhfəsini verir.

Göründüyü kimi, şöbə yarandığı gündən azərbaycanşünaslığa dair zəngin  məlumatları məlumat biblioqrafiya aparatında yerləşdirmiş və qeyd edilən mövzularda materiallar elektron kataloqda (İRBİS proqramında)  da işlənmişdir”.

Aygün Səfərova bildirib ki, Mərkəzi Elmi Kitabxana milli elmi irsin öyrənilməsi, toplanması, mühafizəsi və təbliği sahəsində müəyyənləşdirdiyi strateji hədəflər istiqamətində ardıcıl və davamlı inkişaf etməkdədir, hər il əldə edilmiş göstəricilərin məntiqi davamı olmaqdadır. MEK üzərinə düşən vəzifə öhdəliklərini tam şəkildə icra edir, müasir standartlara cavab verən kitabxana-informasiya işini təqdim edir, akademik icmanın və bütün oxucuların sorğularını cavablandırır, informasiya mənbəyi olaraq kitabxana məlumatlarını media və sosial şəbəkələrdə geniş paylaşır, akademik icmanı kitabxana işinə cəlb edir, yeni təşəbbüslər reallaşdırır, “milli rəqəmsal yaddaş” və bu kimi başqa layihələri mütəmadi gündəmə gətirir, işlək vəziyyətə salır və elmi əsaslarla tədqiq edir, akademik strukturları və akademik icmanın kitabxana işində ikitərəfli iştirakını cazibədar edir və kitabxana xidmətlərinin cazibədarlığının artırılması sahəsində fəaliyyətini genişləndirir.

Şöbə müdiri əlavə edib ki, AMEA MEK-in unikallığı bir də onun nadir kitablar və qiymətli nəşrlər fondunda mühafizə olunan kolleksiyaları ilə müəyyənləşir. Bu kolleksiyalarda dünyada təkrarı olmayan bir çox nüsxələr qorunub saxlanılır.

Azərbaycan şərq elmlərinin öyrənilməsi sahəsində həmişə dünya elmində xüsusi çəkiyə malik olmuşdur. Bu baxımdan MEK-in Xarici dillərdə ədəbiyyat fondunda (Şərq fondunda) da mühafizə olunan kolleksiyaların xüsusi əhəmiyyətə malik olduğunu qeyd etməliyik.

 

“Xalq qəzeti”

YUXARI