ELM VƏ TƏHSİL2021.11.25 22:45

Məktəbdən azyaşlının qaçırılması ilə bağlı məlumatlara aydınlıq gətirildi

20

188 saylı məktəbdən azyaşlının qaçırılması ilə bağlı məlumatlara aydınlıq gətirilib. Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva hər hansı məktəbdən şagirdin qaçırılması faktı olmadığını deyib.

"Məktəblərin çoxunda kamera və mühafizə xidməti var. Belə hal olubsa da məktəbdən kənarda olub. Bu cür hadisələrlə bağlı hüquq-mühafizə orqanları məşğul olur" - deyə, o bildirib.

İdarə müdiri valideynləri uşaqlarına qarşı diqqətli olmağa çağırıb: "Cəmiyyət olaraq uşaqları diqqətdə saxlamalıyıq. Bu, təkcə məktəbin yox, valideynin yox, ümumilikdə cəmiyyətin borcudur. Hər kəs bu məsələyə həssas yanaşmalıdır".

Qeyd edək ki, Mehdiabad qəsəbəsinin Umudvar Əliyev küçəsində
azyaşlı qız məktəbdən çıxarkən onun naməlum şəxs tərəfindən avtomobilə zorla itələnməsi və bıçaqla hədələnməsi ilə bağlı məlumatlar yayılıb.

Əjdər Hüseynov adlı şəxs bildirib ki, ötən gün 18 radələrində nəvəsi Z.Q 188 saylı tam orta məktəbdən çıxıb qardaşını axtararkən naməlum şəxs onu zorla avtomobilə mindirərək ərazidən uzaqlaşıb.

Qeyd edək ki, məktəbin ön kamerası işləmir. Lakin küçədə olan müşahidə kameralarından aydın olub ki, Z-nı ağ rəngli “Mitsubishi” markalı nəqliyyat vasitəsini idarə edən sürücü qaçırıb.

DİN Mətbuat Xidmətindən bildirilib ki, azyaşlının qaçırılma cəhdi ilə bağlı iddialar nəzarətə götürülüb.

YUXARI