ELM VƏ TƏHSİL10.6.2024 22:46

MEK-in tərtibatında professor İlham Ələkbərovun biblioqrafik göstəricisi nəşr olunub

3692

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından professor İlham Xəyyam oğlu Ələkbərovun biblioqrafik göstəricisi işıq üzü görüb.

Vəsaitə zoologiya elmi sahəsində tanınmış alim AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor İlham Ələkbərovun həyatı, elmi-pedaqoji fəaliyyəti haqqında oçerk, elmi əsərlərinin, dövri, ardı davam edən və seriyalı nəşrlərdə Azərbaycan, rus və digər xarici dillərdə dərc olunmuş məqalələri, respublika və beynəlxalq əhəmiyyətli konfranslarda məruzə və çıxışları, elmi-tədqiqat işləri və s. daxil edilib.

AMEA-nın müxbir üzvü İlham Ələkbərovun 75 illik yubileyi münasibətilə AMEA Rəyasət Heyətinin qərarına əsasən tərtib olunan biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, redaktoru Biblioqrafik nəşrlər şöbəsinin müdiri Nərgiz Novruzova, tərtibçisi şöbənin əməkdaşı Afət Məmmədovadır.

Alim 200-ə yaxın elmi əsərin, o cümlədən 4 monoqrafiyanın müəllifidir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə yeddi fəlsəfə və bir elmlər doktoru hazırlanıb. İlham Ələkbərov Beynəlxalq Zooloqlar Cəmiyyətinin, bir sıra yerli və tanınmış xarici elmi jurnalların redaksiya heyətinin üzvü, pristologiya üzrə rəyçidir.

Göstərici biologiya sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

YUXARI