MƏDƏNİYYƏT11.10.2021 13:00

Mədəniyyət evi Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı videoçarx hazırlayıb

740

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Şövkət Ələkbərova adına Mədəniyyət evi Prezidentin Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar videoçarx hazırlayıb. İdarədən bildirilib ki, videoçarx kitabxananın sosial hesablarında oxuculara təqdim edilib.

Videoçarxda qeyd edilib ki, Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir yerdir. Azərbaycan ədəbiyyatında satirik şeirin təməlini qoyanlardan biri olan Qasım bəy Zakir Şuşada doğulub. Şuşanın yetişdirdiyi istedadlardan biri də Xurşidbanu Natəvan olub. İbrahimxəlil xanın nəvəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xanın qızı Natəvan həm şairə, həm də rəssam olub.

Azərbaycanda mədəniyyət və incəsənət beşiyi sayılan Şuşanı Qarabağın döyünən qəlbi adlandırırlar. XVIII əsrin II yarısından Şuşa musiqi mərkəzinə çevrilib və Azərbaycan musiqisinin yüksəlişinə səbəb olub. Öz məlahətli səsləri və böyük sənətləri ilə bütün Yaxın Şərqdə məşhur olan xanəndələrdən Hacı Hüsü, Məşədi İsi, Keştazlı Həşim, Əbdülbaği Zülalov (Bülbülcan), Cabbar Qaryağdıoğlu, Bülbül, Məşədi Məmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd, Segah İslam, Zabul Qasım, Malıbəyli Həmid, Musa Şuşinski, Məcid Behbudov, Mütəllim Mütəllimov və bir çox başqaları Şuşanın yetirdiyi məşhur sənətkarlardır.

Diqqətə çatdırılıb ki, Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir bəy Hacıbəyli Şuşanın dünya şöhrətli yetirmələrindən olub. O, Azərbaycan opera musiqisinin banisi kimi tanınmaqla yanaşı, tarixdə istedadlı jurnalist, görkəmli dramaturq, pedaqoq, musiqişünas kimi də ad qazanıb.

Şuşada xanəndəlik sənəti ilə əlaqədar olaraq gözəl tar, kamança və qarmon ifaçıları da yetişib. Bu musiqiçilərdən böyük tarzən Sadıqcan, Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Qurban Pirimov və başqaları ən məşhur sənətkarlardır.

Şuşa, eyni zamanda Azərbaycanın bir çox görkəmli bəstəkarlarının vətənidir. Fikrət Əmirov, Zülfüqar bəy Hacıbəyli, Niyazi, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Zakir Bağırov, Süleyman Ələsgərov və bir çox başqaları gənclik illərini Şuşada – “Qız qayası”nda, “Üç mıx”da, “Cıdır düzü”ndə, “Çanaqqala”da keçiriblər. Azərbaycan musiqi sənətinin tədqiqatçısı, görkəmli musiqişünas Firudin Şuşinski də Şuşada doğulub. Şuşanın yetişdirdiyi nadir istedadlardan biri də görkəmli incəsənət xadimi Mehdi Məmmədovdur. O, milli dramaturgiya, incəsənət nəzəriyyəsi və estetikaya aid bir sıra əsərlərin müəllifidir.

Vurğulanıb ki, Azərbaycan teatr sənətinin parlaq ulduzlarından olan Barat Şəkinskaya da Şuşada anadan olub. Şuşanı haqlı olaraq həmişə Şərqin musiqi konservatoriyası adlandırıblar. Məşhur müğənniləri dinləmək və ya ifaçılıq dərsi almaq üçün hər yerdən bura musiqi həvəskarları axışıb gəliblər.

YUXARI