XƏBƏRLƏR2021.11.25 23:25

Matviyenko ilə görüşdə Ermənistanın hərbi və siyasi təxribatları gündəmə gətirilib

18

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 25-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdə Ermənistan tərəfindən törədilən hərbi və siyasi təxribatlar barədə danışıb.

Parlamentdən verilən məlumata görə, spiker deyib ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə nəticəsində 30 il işğal altında olan torpaqlarını azad edib, ərazi bütövlüyünü bərpa edib:

“Ötən il noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanatla münaqişəyə son qoyulub və bununla da yeni bir mərhələ başlayıb. Sahibə Qafarova üçtərəfli bəyanatın icrasının vacibliyini vurğulayaraq, Azərbaycanın bəyanatdan irəli gələn bütün məsələləri yerinə yetirdiyini bildirib”, - deyə deputat bildirib.

Milli Məclisin sədri qeyd edib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə geniş bərpa və quruculuq işləri həyata keçirir:

“Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunmasını istəyir və bu istiqamətdə lazımi bütün işləri görür. Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazır olduğunu bəyan edib. Ermənistan isə yenə də təxribatlardan əl çəkmir”, - deyə S.Qafarova vurğulayıb.

S.Qafarova noyabrın 16-da dövlət sərhədində Ermənistan tərəfindən törədilən təxribatlar nəticəsində baş verən döyüş əməliyyatları barədə məlumat verərək, qeyd edib ki, bu təxribat nəticəsində 7 nəfər hərbi qulluqçumuz şəhid olub.

O xüsusilə, vurğulayıb ki, bu təxribatın məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Spiker həmçinin diqqətə çatdırıb ki, bu günə qədər Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində hərbi qulluqçularla yanaşı, mülki şəxslər də həlak olublar.

O deyib ki, Ermənistanın bütün çağırışlara baxmayaraq, minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtinası beynəlxalq hüquqa və regionda sabitliyin bərpa olunması cəhdlərinə qarşı yönəlib.

YUXARI