CƏMİYYƏT5.12.2022 20:00

Kəmaləddin Heydərov BƏƏ-nin Azərbaycandakı səfiri ilə görüşüb

255

5 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, qonağı səmimi salamlayan nazir K.Heydərov Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini xatırladıb. Bu çərçivədə, iki ölkənin uyğun qurumları arasında fövqəladə hallarla mübarizə üzrə əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu qeyd edən nazir müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin münasibətlərin inkişafına faydalı təkan verdiyini vurğulayıb.

Nazir daha sonra səfirə Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, fövqəladə halların idarə edilməsi üzrə görülən işlər haqqında ətraflı məlumat verib, iki ölkənin uyğun qurumları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə birgə təlim və seminarların keçirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin, Birləşmiş Ərəb Əmirliklərinin fövqəladə halların idarə edilməsinə məsul qurumlarının əməkdaşlarının Azərbaycan FHN-in Akademiyasında təhsil imkanları da qeyd edilib.

Səmimi görüşə görə təşəkkürünü bildirən səfir Məhəmməd Əl Bluşi hər iki ölkə arasında mövcud yüksək səviyyəli əməkdaşlıq münasibətləri çərçivəsində fövqəladə halların idarə edilməsi sahəsində aidiyyəti qurumların əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Səfir bu istiqamətdə rəhbər və ekspertlər səviyyəsində qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

YUXARI