XƏBƏRLƏR5.5.2021 09:34

“İran o acılı günlərdə yanımızda olmadı”-Tanınmış alim

809

Xəbər verildiyi kimi İranın Azərbaycandakı Səfirliyinin rəsmi nümayəndə heyəti şəhid general, Milli qəhrəman Polad Həşimovun ailəsini ziyarət edib. 

Ziyarət zamanı mərhumun ailəsinə “Qasım Süleymani ordeni”nin təqdim olunması cəmiyyətdə birmənalı qarşılanmayıb. Əksəriyyət hesab edir ki, 44 günlük Vətən savaşında ermənilərə silah ötürmüş, iqtisadi və mənəvi dəstək vermis İranın Polad Həşimovun ailəsinə orden verməsi səmimi deyil.

Azərbaycan Vətəndaş Hərəkatı Məclisinin üzvü, fəlsəfə doktoru Mübariz Ağalarlı bildirib ki, xalqımızın erməni işğalçılarına qarşı apardığı haqlı mübarizədə İranın bizə münasibətdə sərgilədiyi bu qeyri-həssas mövqe Azərbaycan cəmiyyətində təəssüf hissi doğurub: “II Qarabağ müharibəsində ermənilər dəfələrlə Gəncə, Bərdə, Tərtər, Mingəçevir şəhərlərini və mülki əhalinin yaşadığı digər məntəqələri raket atəşinə məruz qoyub, nəticədə yüzlərlə dinc vətəndaşlarımız: qoca, uşaq və qadın şəhid olub. 

Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu vandalizminə və qeyri-insani hərəkətlərinə etiraz olaraq, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri Gəncəyə səfər edib, bu vəhşiliyi pisləyən bəyanatlar verib. Lakin İranın Azərbaycandakı səfiri bu acılı anlarda bizim yanımızda yer almadı. 

Təəssüf ki, bundan az sonra Azərbaycanda akkreditasiya olunmuş diplomatik heyət ermənilərin viran qoyduğu Ağdam məscidini ziyarətə gedəndə də İran səfirliyi yanında fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin rəhbəri onların arasında olmadı”.

M.Ağalarlı deyib ki, bu üzdən İran tərəfinin səmimiyyəti şübhə doğurur: “Şəhid general Polad Həşimovun sözügedən ordenlə təltif olunmasının səmimiliyinə şübhə illə yanaşır, hazırkı şəraitdə bunu arzuolunmaz hesab edirəm. Gələcəkdə bu kimi məsələlərdə daha həssas davranışlar sərgilənməlidir”.

Qeyd edək ki, şəhid general Polad Həşimovun anası Səmayə xanım ailənin “Qasım Süleymani mükafatı”ndan imtina etdiyini bildirib.

"İranın Poladın adına verdiyi medal bizə lazım deyil. Oğlumun adından istifadə etməsinlər. Aidiyyatı qurumlardan da medalı geri qaytarmaq üçün bizə kömək etmələrini tələb edirəm"-deyə, Səmayə ana bildirib.

YUXARI