İranın Qətərlə müştərək qaz yatağı olan Cənubi Pars qaz yatağından (Qətərdə Şimal Günbəzi) əldə edəcəyi gəlir 900 milyard dollar təşkil edəcək.
Trend-in məlumatına görə, bunu İranın neft nazirinin müavini və İranın Milli Neft Şirkətinin icra direktoru Möhsün Xocəstəmehr bu gün(10 mart) Cənubi Pars qaz yatağında təzyiqin artırılması milli layihənin icra olunması ilə icra olunması istiqamətində müqavilənin imzalanması üzrə tədbirdə deyib.
M.Xocəstəmehrin sözlərinə görə, Cənubi Pars qaz yatağında təzyiqin artırılması milli layihənin icra olunması üzrə ümumilikdə 20 milyard dollar dəyərində vəsaitin xərclənməsi nəzərdə tutulub.
Xocəstəmehr əlavə edib ki, nəticədə Cənubi Pars qaz yatağından qaz hasilatına 90 trilyon kubfut (təxminən 2,55 trilyon kubmetr) və 2 milyard barel qaz kondensatı əlavə olunacaq.
Nazir müavini deyib ki, Cənubi Pars qaz yatağında 28 platforma var. Bu platformalar tam şəkildə bir-birinə bənzəyir. Yerli istehsala arxalanaraq sürətlə təzyiqin artırılması milli layihəsini icra etmək mümkündür.
Xocəstəmehr deyib ki, yataqda təzyiqin artırılması ilə hər bir platformanın 1 milyard kubfut (təxminən 28,3 milyon kubmetr) qaz hasil etmək mümkündür. Qazın Qətərə doğru axınının qarşısının alınması məqsədilə Qətərlə sərhəddə yerləşən platformaların təzyiqinin artırılmasın prioritet təşkil edir.
Şirkət rəsmisi deyib ki, bu gün imzalanacaq müqavilə çərçivəsində Cənubi Pars qaz yatağında 14 platformanın təzyiqinin artırılması nəzərdə tutulur. Hər bir platformada 30 meqavatlıq 4 kompressor quraşdırılmalıdır. Bu istiqamətdə yerli istehsaldan istifadə olunacaq.
Qeyd edək ki, İranın Cənubi Pars qaz yatağında 28 fazası var. İran 2002-ci ildən bu yataqdan hasilata başlayıb. İranın hazırda bu fazalardan ümumilikdə gündəlik 700 milyon kubmetr qaz hasil etdiyi bildirilir. İranın yataqda 90 milyard dollar dəyərində vəsait xərclədiyi təxmin edilir. Qaz yatağında hasil edilə biləcək qazın təxminən 33%-nin İrana məxsus olduğu qeyd edilir. Yatağın İran tərəfində fazalar İran tərəfindən inkişaf etdirilib, Qətər tərəfində isə əsasən xarici şirkətlər tərəfindən inkişaf etdirilib.
Əlavə edək ki, Cənubi Pars Qaz Yatağı (Qətərdə Şimal Günbəzi) İran və Qətər arasında birgə qaz yatağıdır. Bu yatağın 51 trilyon kubmetr qaz ehtiyatının olduğu və onun 36 trilyon kubmetrinin çıxarılmasının mümkün olduğu bildirilir. İranın bu yataqdakı payı 14 trilyon kubmetr qaz, 18 milyard barel qaz kondensatıdır.