İQTİSADİYYAT15.10.2021 18:20

İqtisadi qurumlarda idarəetmənin səmərəliliyinin artırılması prioritet istiqamətdir

1049

Son illərdə ölkəmizdə iqtisadi qurumlarda yeni idarəetmə sisteminin qurulması prioritet vəzifələrdən biri kimi qarşıya qoyulub. Burada əsas məqsəd dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması olub.

Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 11-də “Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında”, “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” və “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanlar imzalaması da mövcud idarəetmənin səmərəliliyini yüksəltmək, həmin qurumların maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq, maliyyə resurslarının, habelə xarici borcların cəlb olunmasını səmərəli meyarlar əsasında nəzarətdə saxlamaq məqsədi daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.

O bildirib ki, Dövlət Dəniz və Liman Agentliyinin yaradılması dəniz nəqliyyatı sahəsində idarəetmə, tənzimləmə, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, bu sahədə, habelə Azərbaycan Respublikasının dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsi istiqamətində həyata keçirilən işin optimallaşdırılması, habelə rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması istiqamətində atılan mühüm addımdır.

Eyni zamanda, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılmasında isə əsas məqsəd iqtisadiyyatın qeyri-neft sektoruna investisiya qoyuluşunun təşviqi, sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmə sisteminin optimallaşdırılması və səmərəliliyinin yüksəldilməsi, əlaqələndirmənin gücləndirilməsi, bu sahədə şəffaflığın və sahibkar məmnunluğunun daha da artırılmasıdır.

Dövlətimizin başçısının digər Fərmanı əsasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yaradılması isə avtomobil nəqliyyatı sahəsində idarəetmə, tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq və ölkədaxili sərnişin, həmçinin yük daşımalarının qabaqcıl beynəlxalq tələblərə uyğun təşkil edilməsi kimi məsələləri formalaşdıracaq.

Bütün bunlar Prezident İlham Əliyevin ölkəmizin Vətən müharibəsindən sonrakı dövr üçün inkişaf perspektivlərini müəyyənləşdirdiyini göstərir. Çünki Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoymaqla əldə etdiyi tarixi Qələbə ilə Cənubi Qafqazda yeni reallıqlar yaradıb və bu reallıqlar bütün region ölkələrinin qarşısında tamamilə yeni inkişaf perspektivləri açıb.

Emin Bağırov açıqlamasında vurğulayıb ki, iqtisadi sahədə bu yeniləşmə mövcud idarəetmənin səmərəliliyini yüksəltməklə bərabər, həm də kölgə iqtisadiyyatının əhatə dairəsini zəiflətmək, iqtisadi artımı dəstəkləmək məqsədi daşıyıb. Bundan əvvəl də aparılan tədqiqat və təhlillər göstərir ki, son illər uçot və bəyan etmələrin şəffaflaşdırılması kölgə iqtisadiyyatı miqyasını azaldıb, büdcə yığımlarında artıma səbəb olub.

Yeni idarəetmə yolu ilə səmərəliliyin artırılması fərmanda adları çəkilən qurumların beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin güclənməsinə səbəb olacaq. Azərbaycan dövlət müəssisələrinin xarici bazarlara çıxdıqca və ya xaricdə fəaliyyətlərini genişləndirdikcə rəqabət qabiliyyətliliyin önəmi daha da artacaq. Qəbul edilən qərarlar və həyata keçirilən tədbirlər ölkənin ixrac potensialının artmasına da töhfə verəcək.

YUXARI